"İslahatların mahiyyəti güclü dövlət və güclü cəmiyyətin qurulmasındır"

“Mən Prezident İlham Əliyevə Ağsu və Şamaxıda zəlzələ ilə əhaliyə verilən dəstəyə, görülən işlərə görə seçicilərim adından təşəkkür edirəm”. SİA-nın məlumatına görə, bunu bu gün Milli Məclisdə Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirə olunduğu plenar iclasda millət vəkili Tahir Kərimli bildirib.

T.Kərimli operativ fəaliyyətlə əlaqədar Fövqəladə Hallar Nazirliyinə də təşükkür edib: “Mən Səhiyyə Nazirliyinə də təşəkkür etmək istəyirəm. Səhiyyə Nazirliyi səhhətində problemləri olan insanlarla bağlı müraciətimə operativ reaksyia verib, müvafiq addımlar atılıb”.

Gömrük sahəsində görülən işlər nəticəsində Azərbaycanda büdcəyə ciddi daxilolmaların baş verdiyini deyən deputat vergi, ekologiya sahəsində yeni metodların üzə çıxmasını müsbət qiymətləndirib: “Biz artıq güclü dövlət qurmuşuq. Ölkəmizdə sənaye, aqro parklar, kənd təsərrüfatı sahəsi güclüdür. Bu islahatların mahiyyəti, güclü dövlət və güclü cəmiyyətin qurulmasından ibarətdir”.

T.Kərimli söyləyib ki, Ağsu rayonunda məktəblərin təmirinin davam etdirilməsinə ehtiyac var: “Bundan başqa 600 min nəfərlik kəndə su çəkilməlidir. Ağsu şəhəri müasir standartlara uyğun şəkildə düzəldilib. Bütün küçələr asfaltlanıb. Lakin şəhərin ortasından Ağsu çayı axır. Bu illər ərzində çayın cəmi 200 metrə yaxın ərazisinə bənd salınıb. Çayın kənarlarının bəndləşdirilməsi ilə kəndin görünüşü daha da yaxşılaşar”.

Deputat çıxışında 2019-cu ilin “Nəsimi ili” olmasına diqqəti çəkərək dahi şairinin nəşinin Azərbaycana gətirilməsi ilə bağlı təklifini irəli sürüb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə