Qurban Məmmədov AXCP və Müsavat liderlərinə “od püskürdü” QARŞIDURMA

“Allaha and olsun ki, heç bir çıxış yolunuz olmayacaq sizin”

İngiltərədə yaşayan hüquq müdafiəçisi Qurban Məmmədov xalqa müraicət edərək, AXCP sədri Əli Kərimlini, “Milli Şura”nın koordinasiya şurasının üzvü Gültəkin Hacıbəylini və bütövlükdə ona qarşı kampaniya aparan radikalları ifşa edən açıqlaması ilə yadda qalıb. SİA xəbər verir ki, Facebook sosial şəbəkəsində çıxış edən Q.Məmmədov, onu “şəriət dövləti yaratmaq” məsələsində ittiham edən AXCP sədri ilə “Milli Şura” üzvünün həmin addımlarını alçaqlıq adlandırıb.

“Proseslərdən uzaqlaşdırılmalıdırlar”

“Məni İngiltərə hökümətində almağın tək bir yolu var. O da İngiltərə dövlətini inandırsınlar ki, mən şəriət dövləti yaratmaq istəyirəm. Guya, mən terrorçuyam. Bax bunlar belə alçaq hərəkət ilə məşğuldurlar”, deyə qeyd edən hüquq müdafiəçisi həmçinin bildirib ki, bu adamlar müstəqil deyillər və sifarişlər həyata keçirirlər: “Mən sizə subut elədim ki, bu adamlar müstəqil deyillər. Müstəqil olsaydılar, üzr istiyərdilər məndən. Bunlar ya müstəqil deyillər ya da tərbiyəsi yoxdur. Hər 2 halda uzaqlaşmalıdır proseslərdən”.

“Dostlar, inanın mənə bu günə qədər aparılan liderlərin siyasəti kökündən yanlış olub...”

Hakimiyyətə iddialı olan bu şəxslərin tərbiyələrinin olmadığını, ümumiyyətlə, həmin adamların millət üçün təhlükə olduğunu deyən Q.Məmmədov, müxalifətdə təmsil olunan digər partiya üzvlərinə müraciət edib və hətta hakimiyyətlə iş birliyində olduqlarını da iddia olaraq irəli sürüb.

“Tərbiyəsizin gəlib hakimiyyətdə oturması təhlükədir millət üçün”, yazan Q.Məmmədov əlavə edib: “Mən buradan AXCP-nin, AXC-nin yəni Azərbaycan Xalq Cəhbəsinin sonradan AXCP, Klassik AXCP və sair ad altında təşkilatlara qoşulan bütün insanlara müraciət edirəm. Musavat Partiyasının sıravi üzvlərinə müraciət edirəm. Dostlar, inanın mənə bu günə qədər aparılan liderlərin siyasəti kökündən yanlış olub...”

Beləliklə, AXCP və Müsavatın sıravi üzvlərinə müraciət edən Q.Məmmədov qarşıda heç bir uğur qazana bilməyəcəklərini də deyib. “Cəhbəçilər, Musavatçılar liderlərinizin umuduna qalsanız, Allaha and olsun ki, heç bir çıxış yolunuz olmuyacaq sizin”, deyə hər iki müxalifət partiyası üzvlərinin liderlərindən imtina etməyə çağırıb.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə