Lavrov Dağlıq Qarabağ münaqişəsinin detallarından danışdı MÜNASİBƏT

"Dağlıq Qarabağ münaqişəsində nizamlanmanın əsasları aydın deyil". SİA-nın verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıda keçirilən QDİƏT Xarici İşlər Nazirləri Şurasının 39-cu iclasının yekunu ilə bağlı mətbuata verdiyi açıqlamada Qarabağ münaqişəsi ilə bağlı sualı cavablandırarkən deyib.

"Ötən gün Azərbaycan prezidenti İlham Əliyevlə ətraflı və uzun görüşümüz oldu. Danışıqların bərpası və konstruktiv nəticə əldə olunması istiqamətində onun səmimi münasibətini hiss etdik. Azərbaycan və Ermənistanla sıx tərəfdaş olan bir ölkə və amerikalılar, o cümlədən fransızlarla birlikdə ATƏT-in Minsk qrupunun həmsədri kimi kompromisə nail olunması istiqamətində zəruri şəraitin yaradılması üçün əlimizdən gələni edəcəyik. Bu yaxınlarda Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi sammiti çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin qısa görüşü oldu, Milanda isə ATƏT Nazirlər Şurasının iclası çərçivəsində hər iki ölkənin xarici işlər nazirləriin görüşü keçirildi. Aydındır ki, bütün bu görüşlər Ermənistandakı 9 dekabr parlament seçkiləri ərəfəsində olub və indi Ermənistanda hökumət formalaşdırılmalıdır. Düşünürəm ki, bundan sonra Ermənistan tərəfi azərbaycanlı həmkarları və Minsk qrupunun həmsədrləri ilə danışıqlar prosesini davam etdirməyə hazır olacaq. Biz prinsipcə münaqişənin yeni həll variantını axtarmağa cəhd etməyəcəyik, çünki nizamlanmanın əsasları aydın deyil. Amma konsensusun əldə olunmasına kömək edəcək taktiki, yaxud kreativ idayaların axtarışına cəhd edəcəyik" - Lavrov vurğulayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə