“Ulu Öndər həm də azərbaycançılıq məfkurəsinin yaradıcısı idi”

“Azərbaycanın müasir tarixində Ümummilli Liderimiz Heydər Əliyevin müstəsna xidmətlərinin ictimai-siyasi mahiyyəti hələ uzun illər tədqiqatçıların diqqət mərkəzində olacaq. Bu dahi şəxsiyyət müstəqil Azərbaycanın sosial-iqtisadi və siyasi əsaslarının möhkəmləndirilməsində, dünyanın aparıcı dövlətlərinin etibarlı tərəfdaşına çevrilməsində sözün həqiqi mənasında böyük işlər görmüşdür və buna görə də onun siyasi irsinin öyrənilməsi hansısa konkret zaman çərçivəsi ilə məhdudlaşdırıla bilməz”. Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı fikirlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, XX əsrin mürəkkəb geosiyasi prosesləri fonunda ölkəmizin öz müstəqilliyini qoruyub saxlaması, cəmiyyətin ən müxtəlif təbəqələrinin mənafelərini ifadə edən dövlət idarəetmə sisteminin yaradılması Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, Onun qurduğu müstəqil Azərbaycan dövləti dünyanın ən qüdrətli ölkələrinin strateji müttəfiqi kimi regionda cərəyan edən proseslərin mərkəzində dayanır: “Azərbaycan xalqının Ümummilli Lideri, dünya şöhrətli dövlət xadimi Heydər Əliyev böyük siyasətdə qarşıya qoyduğu hədəflərə doğru irəliləyərkən təkcə daxili inamına, iti fəhminə, yüksək intellektinə, parlaq zəkasına deyil, həm də ictimai etimada əsaslanmış, ən böyük dəstəyi xalqdan almışdı. Heydər Əliyevin dahi lider kimi fəaliyyəti öz mahiyyəti etibarilə Azərbaycanın hüdudlarından çox-çox kənara çıxırdı. Ulu öndərimiz cəmiyyətin həlledici hissəsini arxasınca apara bildi. Özünəməxsus liderlik keyfiyyətləri, siyasi prosesləri zəruri səmtə yönəltmək məharəti, cəmiyyətin maraq və mənafelərini ümumi nöqtədə birləşdirmək bacarığı ilə dövlətə rəhbərlik fəaliyyətinin bütün mərhələlərində xalqın sonsuz rəğbət və etimadını, inamını qazandı”.

“Xüsusilə, Ulu Öndərimizin Yeni Azərbaycan Partiyasının Naxçıvanda təsis edilməsində atdığı qətiyyətli addımı Azərbaycanın xilas mərhələsinin başlanğıcı kimi qiymətləndirilməlidir”, deyən Mehdi Balabəyov həmçinin bildirib ki, 1993-cü ilin iyununda Azərbaycan dərin siyasi və iqtisadi böhran içərisində çapalayarkən, müstəqilliyini itirmək təhlükəsi ilə üzləşərkən məhz Heydər Əliyev dühası xalqımızı başının üstünü almış bütün bəlalardan hifz edərək ölkəmizi xaos və anarxiya mühitindən, vətəndaş müharibəsi təhlükəsindən xilas edərək sabit inkişaf yoluna çıxardı: “İctimai-siyasi sabitliyi tam təmin edərək sonrakı mərhələdə həyata keçirdiyi çoxşaxəli islahatlarla bir daha sübuta yetirib ki, güclü iqtisadiyyata, müstəqil xarici siyasətə, demokratik imicə, mənəvi yüksəlişə malik olmayan xalq güclü dövlət qura bilməz. Ümummilli Lider Heydər Əliyev hakimiyyətdə olduğu illərdə Azərbaycan cəmiyyətinin vahidliyinin təmin olunmasını da özünün strateji vəzifəsi saymışdır. Cəmiyyətin vahidliyini təmin edərək onun sosial bərabərsizlik, regional faktor, dini və milli mənsubiyyət amili baxımından parçalanmasına imkan verməmişdir. Həmin sistemin Azərbaycan dövlətçiliyinin yaşaması, inkişaf etməsi baxımından düzgün olduğunu ötən illərin reallıqları da bir daha təsdiqləyib”.

“Heydər Əliyev həm də azərbaycançılıq məfkurəsinin yaradıcısı idi”, deyə qeyd edən YAP Şabran rayon təşkilatının sədri həmçinin bildirib ki, hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir: “Həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" deyən Ümummilli Lider azərbaycanhlara xas gözəl nə varsa, onların hamısını öz parlaq simasında bir araya gətirib. Heydər Əliyev idarəçiliyinin təlimində güclü dövlət anlayışı və bütün atributları ilə birgə ölkənin iqtisadi, siyasi, sosial və mənəvi əsasları öz əksini tapmışdır. Heydər Əliyev nəinki müstəqil Azərbaycan dövlətinin yaradılması konsepsiyasını həyata keçirdi, eyni zamanda, Azərbaycan vətəndaşlarını birləşdirən, xalqımızı beynəlxalq aləmdə vahid amal, əqidə, məqsəd və məram ətrafında səfərbər edən milli azərbaycançılıq ideologiyasını da yaratdı. O, Azərbaycanı dirçəltmək, bütün sahələrdə öncül olmaq milli öndərimiz Heydər Əliyevi taleyinə yazıldı. Yalnız böyük şəxsiyyətlərə məxsus olan keyfiyyətlərin Heydər Əliyevdə cəmləşməsinin nəticəsi idi ki, çox qısa bir zaman kəsiyində Azərbaycan keçmiş İttifaqa daxil olan respublikaların hamısının həsəd apara biləcəyi sıçrayışla tərəqqiyə nail oldu”.

“Bizlər bu gün böyük iftixar hissi ilə qeyd edə bilərik ki, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyev tərəfindən Ümummilli Liderimizin siyasi kursu uğurla davam etdirilir”, deyə qeyd edən Mehdi Balabəyov sonda bildirib: “Söz yox ki, bu siyasətə sədaqətlilik Azərbaycan xalqında parlaq gələcəyə inamını daha da artırıb. Məhz bu önəmli faktor Heydər Əliyev əbədiyaşar dühasının bundan sonra da yaşamasına yaşadılmasına nəhəng zəmin yaradır”.

Rəfiqə KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə