Tələbələr XİN-in mətbuat katibi ilə görüşüb FOTOLAR

Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi Nərgiz Vəliyevanın təşəbbüsü ilə II kurs tələbələri Xarici İşlər Nazirliyində olublar. SİA-nın verdiyi məlumata görə, “Azərbaycan Respublikasının milli təhlükəsizliyinin əsasları” fənninin “Xarici təhlükəsizlik strategiyası” seminarı XİN mətbuat katibi Leyla Abdullayevanın iştirakı ilə keçirilib. L.Abdullayeva xarici siyasətin əsas prioritetləri, geosiyasi mənzərədə Azərbaycan müstəvisi, ikitərəfli və çoxtərəfli diplomatiya, XİN-in diasporlarla əlaqəsi və qarşılıqlı fəaliyyəti, Azərbaycan-Ermənistan münaqişəsi və digər mövzular ətrafında fikirlərini bölüşüb. Daha sonra mətbuat katibi tələbələrin çoxsaylı suallarını cavablandırıb.

Görüş çərçivəsində tələbələr XİN-in muzeyi ilə yaxından tanış olublar.

Qeyd edək ki, bu ilin oktyabrında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin edilən L.Abdullayeva BDU-nun məzunu olub.

Leyla Abdullayeva Xarici İşlər Naziriyində 2002-ci ildən çalışır. O, XİN-in mərkəzi aparatında müxtəlif idarələrdə, Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyində və ölkəmizin Belçika Krallığındakı Səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyində diplomatik vəzifələr daşıyıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...