"Böhran vəziyyətimizdə Azərbaycan və Türkiyə yanımızda olub"

"Regionda təhdidlərin artması müşahidə olunur. Odur ki, səylərimizi birləşdirərək bu problemləri aradan qaldırmağa nail ola bilərik". SİA-nın verdiyi məlumata görə, bunu Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimer Çaçibaia Azərbaycan- Gürcüstan-Türkiyə hərbi rəhbərlərinin Bakıda keçirilən 3-cü üçtərəfli görüşünün yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyə hər zaman Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyib: "Biz hər zaman xatırlayırıq ki, böhran vəziyyətimizdə Azərbaycan və Türkiyə yanımızda olub. Bizim üçtərəfli əməkdaşlığımız çox vacibdir. Əməkdaşlığımız əsas etibarı ilə regionda sabitliyin qorunmasını özünə əks etdirir".

Vladimer Çaçibaia əlavə edib ki, Azərbaycan, Türkiyə və Gürcüstan orduları aktiv şəkildə birgə təlimlər keçirəcək: "O təlimlər ki, bizim hərbi qulluqçularımız arasında təcrübə mübadiləsi yönündə xüsusi əhəmiyyətə malikdir. Eyni zamanda təhsil, idman sahəsində əməkdaşlıq edəcəyik".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə