“Heç bir dövlət Azərbaycanın daxili işlərinə qarışmamalıdır" ÖZƏL-RƏY

“Ümumiyyətlə xarici siyasət sahəsində istiqamət dəyişmir. Yəni balanslaşdırılmış xarici siyasət davam edir. Bizim yalnız işğalçı ölkə olan Ermənistanla problemimiz var. Bizim başqa qonşularla münasibətlərimiz normaldır və qarşılıqlı, faydalı əsaslar üzərində qurulub”. Bunu SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, heç bir dövlət Azərbaycanın daxili işlərinə qarışmamalıdır: “Azərbaycan müxtəlif qütblərlə əməkdaşlıq etməkdə sərbəstdir. Məsələn, Rusiyanın ABŞ-la problem var idisə, bunun bizə aidiyyatı yoxdur. Çünki bizim Rusiya və Amerika ilə də strateji tərəfdaşlıq münasibətlərimiz var. Eləcə də İranla, Türkiyə ilə də əməkdaşlığımız davam edir. Bu baxımdan Azərbaycanın milli və təhlükəsizlik maraqlarına nə xidmət edirsə, o siyasət yürüdülməlidir. Məhz cənab Prezident İlham Əliyev də bu siyasətə sadiqdir ki, bizim qarşılıqlı, faydalı əsasda əməkdaşlıq davam etməlidir. Dövlət başçısının səfərlərinin trayektoriyası da bundan xəbər verir. Cənab İlham Əliyev Avropaya, Rusiyaya, Türkiyəyə də səfər edir. Eləcə də ABŞ-dan da Azərbaycana xeyli sayda rəsmilər gəlir və onlarla çox sıx danışıqlar gedir. Regionda müəyyən problemlər olsa da, Azərbaycan bu problemləri yaşamır və bu təhlükələrdən özünü sığortalamağa çalışır.

Qarşılıqlı, faydalı əməkdaşlıq o deməkdir ki, hər iki tərəf bu əməkdaşlıqdan qazanc əldə etməlidir. Azərbaycan da məhz ona görə regional layihələrə qoşulur ki, ölkəmiz bundan faydalana bilsin. Həm də qonşu dövlətlərlə qarşılıqlı, faydalı əsasda əməkdaşlığı genişləndirə bilsin. Bu il işə düşən TANAP, gələn il isə işə düşəcək TAP, İranla bağlı layihələr, Şimal-Cənub nəqliyya dəhlizi layihəsi və s. bütün bunlar həm Azərbaycana xidmət edir, həm də regionun inkişafı üçün vacibdir. Bircə Ermənistan işğalçılıq siyasətini davam etdirdiyinə görə bu prosesdən kənar qalır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə