Ermənistan seçkilər burulğanında necə çabalayır? ANALITIK

Düşmən ölkənin KİV-ləri müsbət heç nədən yazmırlar

“Məxməri inqilab”ın ardınca, post-seçki dövrünü yaşayan Ermənistanda böhranlı vəziyyətin davam etməsi bu ölkənin KİV-lərində geniş şəkildə müzakirə olunmaqdadır. Hələ Nikol Paşinyanın baş nazir postunu eks-prezident Serj Sarkisyan hakimiyyətindən qoparmasının ardınca, - onun xalqına verdiyi “100 günlük hesabatı” ərəfəsindən əvvəl və sonra, ictimai rəydə, mediada, politoloji münasibətlərdəki fikirlərdən də aydın şəkildə görünürdü ki, verilən vədlər və öhdəliklər yalnız pafoslara və utopiyaya söykənməkdən başqa heç nə deyil.

“Hraparak”: “Vətəndaş sazişi” partiyası üçün ən çətin sınaq Ararat vilayəti olacaq”

“Hraparak” qəzetinin yazdığına görə, növbədənkənar parlament seçkilərində Nikol Paşinyanın lideri olduğu “Vətəndaş sazişi” partiyası üçün ən çətin sınaq Ararat vilayəti olacaq. SİA erməni mətbuatına istinadən xəbər verir: “Məhz bu vilayətdə Araik Qriqoryanın, Ovik Abraamyanın, Vazgen Sarkisyanın və Manvel Kazaryanın (hər biri Serj Sarkisyan hakimiyyətinin aparıcı fiqurları olublar-R.N.) qardaşları yaşayırlar, o cümlədən, Qagik Sarukyanın məşhur sement zavodu da bu vilayətdə fəaliyyət göstərir”.

“Yeni qubernator Qarik Sarkisyan əlində olan bütün imkanlardan istifadə edir ki, bu vilayətin göstəriciləri yüksək olsun və o parlamentə düşsün”, deyə yazan erməni nəşri həmçinin qeyd edir ki, qubernator ötən gün Qarabağ müharibəsində (işğalında– R.N.) iştirak etmiş şəxsləri və ölənlərin ailələrini qəbul edərək, onları “narahat edən” problemlərini dinləyib.

“Ancaq buna qədər o bizi heç yada da salmırdı”, adıçəkilən qəzetə münasibət bildirən görüş iştirakçılarından birinin dediyinə görə, qubernator buna qədər keçmiş hakimiyyətdə təmsil olunmuş adamlarının yaxınlarına hədələyici ismarıc yollayıb ki, onlar yenidən köhnə hakimiyyət nümayəndələrini dəstəkləsələr, onlar üçün heç də yaxşı olmayacaq.

Göründüyü kimi, Ermənistanda “yeni demokratik siyasi sistemin” yarandığını iddia edən Paşinyan hakimiyyəti heç də bu iddiasında haqlı olmadığını nümayiş etdirməkdədir. Daha dəqiq desək, “məxbəri inqilab” köhnə sistemin davamını əsasını, hətta daha betər təməlini qoymağa başlayıb.

“Jamanak”: “Heç kim partiyanın seçkiqabağı kampaniyasında maliyyə xərcləməyə razı olmayıb”

“Jamanak” qəzeti isə yazır ki, Ermənistandakı siyasi proseslər dövründə digər siyasi partiyalarda da vəziyyət gərgin qalmaqdadır. “Yaxın günlərdə biz, “İrs” partiyasında növbəti parçalanmanı müşahidə edə bilərik” yazan adıçəkilən nəşr qeyd edir ki, bu siyasi təşkilatın bir sıra üzvləri partiya sıralarından çıxacaqları barədə qərar qəbul edəcəklər: “Partiyanın qarşıdan gələn seçkilərdə iştirak etməmək qərarı eyni zamanda maliyyə problemləri ilə bağlıdır: heç kim partiyanın seçkiqabağı kampaniyasında maliyyə xərcləməyə razı olmayıb”.

Erməni nəşri xatırladır ki, 2017-ci ilin parlament seçkilərində bu yükü üzərinə Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan götürmüşdü. “Partiyanı öz tərəfinə çəkmək üçün o, yarım milyon dollara yaxın maliyyə təqdim etmişdi. Bəs kim hazırda maliyyəsi olmayan partiyanın üzvü olmaq istəyər?”, deyə qəzet sual edir.

Buradan da aydın şəkildə görünür ki, Serj Sarkisyan dövründə iqtidaryönlü siyasi təşkilat olaraq, parlamentdə söz sahibinə çevrilən “İrs” növbədənkənar parlament seçkilərində uğur qazana bilməyəcəyini bəri başdan proqnozlaşdırıb və bu məsələdə kimsə həmin partiyaya maliyyə dəstəyi göstərmək niyyətində deyil. Daha doğrusu, partiya maliyyə mənbəsi tapsa belə, hətta seçkilərə qatılsa belə, Nikol Paşinyan cinahı əlində olan bütün resurslardan istifadə edərək, bu partiyanın parlamentə düşməsinə mane ola bilər. Maliyyə öhdəçiliyinin götürülməməsi faktı da məhz bu reallığa söykənir.

Qraç Akopyan: “Nikol Paşinyanın qardaşı oğlu Sipan Paşinyan nazir müşaviridir”

Yeri gəlmişkən, daha bir fakt budur ki, Ermənistanda “demokratik mühit” barədə gen-bol bəhs edən Paşinyan hakimiyyəti heç də iddia edildiyi qədər bu əsaslara söykənmir. Bunu hətta onun qohumu, arvadı Anna Akopyanın qardaşı, deputat Qraç Akopyan da etiraf edir. Misal üçün, onun erməni mediasına verdiyi açıqlamasında bildirilir ki, “Hraparak” qəzetinin müxbirinin suallarını cavablandırarkən o, mövcud hakimiyyət dövründə “tanış-biliş”, qohumluq əlaqələrindən istifadə institunun qalıb-qalmaması məsələsinə aydınlıq gətirib.

O, Nikol Paşinyanın qardaşı oğlu Sipan Paşinyanın ərazi idarəetmə və inkişaf nazirinin müşaviri olduğunu xatırladıb.

Qraç Akopyan Ermənistanda hər zaman belə bir halın mövcudluğunu bildirib və deyib ki, ötən parlament seçkilərində əldə etdiyi 3 min 400 səsi də məhz bu prinsiplə “qazanıb”.

“1in.am”: “Belə bir təəssürat yaranıb ki, biz siyasətsiz inqilabi dejavyu yaşayırıq”

“1in..am” saytı isə yazır ki, Nikol Paşinyanın komandası “inqilab” nəticələrinin kapitallaşdırılması baxımından, siyasi instisional hazırlıqlarını iflasa uğradıb. “Bu baxımdan, Ermənistandakı hakimiyyət şüar xarakteri daşımaqda davam edir”, yazan erməni saytı qeyd edir ki, 1988-ci ildən bu yana “demokratik Ermənistan” məsələsi şüar olaraq qalıb və bu, əks-inqilabın revanşı ilə nəticələnib: “Məxməri inqilabdan” sonra “yeni Ermənistan” məsələsi də şüar kimi qalıb – hələ də siyasi və effektiv idarəetmə sistemində heç nə baş verməyib”.

“Belə bir təəssürat yaranıb ki, biz siyasətsiz inqilabi dejavyu yaşayırıq” qeyd edən analitik yazıda o da bildirilir ki, verilən vədlər nəticəsiz qalmaqdadır: “Bu isə əvvəl-axır dövlət üçün təhlükəli vakkum yaradır”.

Nəticə etibarilə görünən budur ki, əslində, heç bir hakimiyyət Ermənistanı düşdüyü ağır və böhranlı vəziyyətdən çıxara bilmək iqtidarında deyil. Çünki bu ölkə rəhbərliklərinin nə qonşuluq münasibətlərində, nə də daxili və xarici siyasətində dönüş yaratmamaq iddiaları, o cümlədən, işğalçılıq prizmasından yanaşma tərzləri onları belə bir vəziyyətə doğru sürükləyib.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...