"Azərbaycanın suverenliyi və ərazi bütövlüyü müzakirə mövzusu deyil" ÖZƏL-ŞƏRH

Sahibə Qafarova: "Ermənistan təxribatçı hərəkətlərinə son qoymalı, qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalıdır"

"Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində qətiyyətli mövqe nümayiş etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən prinsipial siyasətin nəticəsidir ki, beynəlxalq ictimaiyyət tərəfindən münaqişənin həlli məsələsi daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə müvafiq bəyanatlar verilib, mühüm sənədlər qəbul edilib". Bunu SİA-ya açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova deyib.

Onun sözlərinə görə, cari il ərzində dövlətimizin başçısının səfərləri və keçirdiyi mühüm görüşlərdə də Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli prioritetlərdən biri olub. O cümlədən, Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun iştirakı ilə paraflanmış Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədində də diqqətə çatdırılıb ki, Avropa İttifaqı və Azərbaycan qarşılıqlı maraqlar və dəyərlər, həmçinin bir-birilərinin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, müstəqilliyi və suverenliyinə münasibətdə hörmət və dəstəyə öhdəliklər əsasında Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsi məqsədilə birgə tərəfdaşlıq prioritetlərini razılaşdırdılar: "Bununla yanaşı, NATO üzv dövlətlərinin Brüssel zirvə toplantısının yekununda qəbul edilən bəyanatda isə növbəti dəfə Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə, eləcə də Dağlıq Qarabağ münaqişəsinin bu prinsiplər əsasında həllinə dəstək ifadə edilib. Bunlar birmənalı olaraq beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar respublikamızın ədalətli mövqeyini dəstəklədiyini göstərir".

"Almaniyanın Federal Kansleri Angela Merkelin bu ilin yayında Azərbaycana səfəri zamanı dövlətimizin başçısı ilə keçirdiyi mətbuat konfransında ölkəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında münaqişənin həlli istiqamətində səyləri dəstəkləməkdə davam edəcəyini bəyan etməsi, eyni zamanda, Almaniya Federativ Respublikasının Hökumətinin Almaniya Bundestaqından ona ünvanlanan suala cavabında AFR Hökumətinin Ermənistan silahlı qüvvələrinin nəzarətində yerləşən Dağlıq Qarabağ regionunu və yeddi ətraf rayonunu Azərbaycanın tərkib hissəsi hesab etməsinə və AFR hökumətinin qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımadığına dair bəyanatla çıxış etməsi də sözügedən məsələdə Azərbaycanın haqlı mövqeyinin daha da güclənməsinin ifadəsidir”,-deyən S. Qafarova əlavə edib ki, bütün hallarda Azərbaycanın suverenliyi və ərazi bütövlüyü müzakirə mövzusu deyil.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində konstruktiv mövqe nümayiş etdirməsinə baxmayaraq, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni əməllərini və təxribatçı siyasətini davam etdirir. "Ermənistan təxribatçı hərəkətlərinə son qoymalı, qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalıdır. Eyni zamanda, beynəlxalq ictimaiyyət tərəfindən Ermənistanın danışıqlar prosesini pozmasına imkan verilməməlidir, bu ölkənin üzərinə düşən öhdəliklərin yerinə yetirilməsi təmin olunmalıdır",-deyə Sahibə Qafarova əlavə edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə