"Şəhər nəqliyyatı təkmilləşdiriləcək" AÇIQLAMA-ÖZƏL

“Ümumilikdə 2018-ci il Azərbaycan üçün uğurlu il hesab olunur. Bununla bağlı Prezident İlham Əliyev Nazirlər Kabinetinin toplantısında da qeyd etdi. Azərbaycan cari ildə həm iqtisadi, həm siyasi həm də digər sahələr üzrə böyük uğurlara imza atıb”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Cari ilin 9 ayı müddətində ölkəmizdə mühüm tədbirlərin keçirildiyini deyən deputat söyləyib ki, böyük iqtisadi potensiala malik olan ölkələrlə forumların keçirilməsi, eyni zamanda “Azərspace 2” peykinin kosmosa buraxılması, hərbi paradların keçirilməsi Azərbaycan üçün əhəmiyyətli və uğurlu hadisələrdir.

C.Osmanov bildirib ki, 2018-ci ildə ölkəmizin enerji siyasətində də mühüm irəliləyişlər qeydə alınıb: “May ayında Bakıda Cənub Qaz Dəhlizinin, daha sonra Türkiyədə TANAP layihəsinin açılışı buna bariz nümunədir. Bildiyiniz kimi Cənub Qaz Dəhlizi Azərbaycanın Avropaya qaz satışına istiqamətlənən layihədir. Bu gün dünyanın enerji daşıyıcılarından asılı olduğunu nəzərə alsaq, Azərbaycan qazının Avropaya nəql edilməsinin siyasi baxımında da ölkəmiz üçün mühüm əhəmiyyət kəsb etdiyini deyə bilərik. Digər tərəfdən ölkəmizin üçüncü peykinin kosmosa buraxılması, həm informasiya təhlükəsizliyi, həm də digər ölkələrdən bu sahədə asılılığımıza son qoyulması baxımından mühüm əhəmiyyətə malikdir”.

Ölkə başçısının müşavirədə sosial məsələlərə toxunduğunu dilə gətirən deputat qeyd edib ki, Azərbaycanda Prezidentin təşəbbüsü ilə yaradılan “ASAN Xidmət” modeli və yeni yaradılacaq DOST mərkəzləri vətəndaşlarımızın bəzi məsələlərdə qarşılaşdığı problemlərin tamamilə aradan qaldırılmasına xidmət edir: “ Hazırda milyonlarla insanın işi həqiqətən də asanlaşıb. Azərbaycan brendi olan “ASAN Xidmət” dən artıq bir çox ölkələr nümunə götürməkdədir”.

C.Osmanov qeyd edib ki, Azərbaycan Prezidentinin müşavirədə şəhər nəqliyyatının təkmilləşdirilməsi eləcə də digər məsələlərə toxunması, bu istiqamətdə verdiyi tapşırıqları yaxın gələcəkdə öz nəticəsini verəcək: “Biz bilirik ki, son illər Azərbaycana xeyli sayda yeni ən müasir avtobuslar gətirilib. Amma buna baxmayaraq bu sahədə müəyyən neqativ hallarla rastlaşırıq. Hesab edirəm ki, ölkə başçısının bu məsələ ilə bağlı tapşırıqlarından sonra problem öz həllini tez bir zamanda həllini tapacaq. Dövlət başçısı çıxışı zamanı ekoloji problemlərə də toxunaraq bu sahədə ciddi irəliləyişlərin əldə olunduğunu söylədi. İclasda ağacların kəsilməsinin qarşısının alınması, yaşıllıqların artırılması istiqamətində işlərin görüldüyü diqqətə çatdırılaraq, bu işlərin bundan sonra davam etdirilməsi ilə bağlı tapşırıqlar verildi”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...