Mübariz Qurbanlı: "Qanvermə aksiyasında hər kəs iştirak edir" AÇIQLAMA

"Neçə illərdir ki, Azərbaycanda Aşura günü qanvermə aksiyaları keçirilir. Bu gün də ənənəvi olaraq Bakıda və rayonlardan keçirilən qanvermə aksiyasında vətəndaşlarımız iştirak edir. Qanvermə aksiyasının mənəvi, psixoloji əhəmiyyəti var". SİA-nın xəbərinə görə, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.

Komitə sədri bildirib ki, qanvermə aksiyalarında iştirak etməklə hər kəs Aşura günündə baş verən faciələrə münasibətini bildirmiş olur: "Bəzi məscidlərdə əvvəllər zəncir vurmaq, baş yarmaq kimi adətlər var idi ki, bu aksiya ilə bunun qarşısını almış olduq".

Komitə sədrinin sözlərinə görə, Azərbaycan tərəfindən həyata keçirilən bu ənənə, artıq başqa ölkələrə də keçib: "Son illər qonşu ölkələrimiz də bu təcrübədən yararlanaraq bundan istifadə edirlər".

M.Qurbanlı qeyd edib ki, dünyanın heç bir yerində yəhudi, müsəlman, xristian icma rəhbərləri bir araya gəlib qanvermədə iştirak etmir. Bu, Azərbaycanda birliyin nümayişidir. Bu gün Azərbaycanda keçirilən qanvermə aksiyasında məzhəbindən asılı olmayaraq hər kəs iştirak edir. Bu dünyaya nümunə, həm də xeyirxah işdir. Biz də məmuniyyətlə bu işdə iştirak edirik. Mətbuat nümayəndələrinə bu işi geniş işıqlandırdıqların görə təşəkkür edirəm".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə