“SƏS” İnformasiya Agentliyinin səsi Qarabağdan da gələcək YUBİLEY YAZISI

Yaxud, 10 ilin 100 ilə bərabər mükəmməl media təcrübəsi

“Qoy səsiniz hər zaman ucadan gəlsin”, deyilən bir alqış məfhumu var və bu alqış bəlkə də onların içində ən səslisidir. Bu gün “SƏS” İnformasiya Agentliyinin 10-cu ildönümünü qeyd etdik və ən çox da eşitdiyimiz təbriklər məhz “Qoy səsiniz hər zaman ucadan gəlsin” alqışları oldu. Əlbəttə ki, qürrələndik, fərəhləndik və növbəti dəfə hansı məsuliyyət daşıdığımızı, hansı məqsədlərə xidmət etdiyimizi bir daha dərk etdik – dövlətçilik amalı, Heydər Əliyev ideologiyası, tərəfsizlik, qərəzsizlik və jurnalist işi..!

Qocamanlarla gənclər külüngü bir yerə vururlar

Düz 10 ildir ki, tarixi və əbədiyaşar “SƏS” qəzetinin bazasında baş redaktorumuz Bəhruz Quliyevin təşəbbüsü ilə təsis edilmiş eyniadlı İnformasiya Agentliyi artıq dünya miqyasında öz sözünü deməkdə, səsini çatdırmaqdadır. “Səsiniz ucadan gəlsin” alqışı da görünür, bu deməkdir. Lakin agentliyimiz yaradılarkən, buna qədər keçilmiş enişli-yoxuşlu yolları, çətinlikləri, dövlətçilik uğrunda aparılan qətiyyətli mübarizələri də unutmaq olmaz. Çünki bu adın özündə çox yəqin ki, bilənlər bilir – nə qədər tarixlər, anlar, məqamlar dayanmaqdadır. Həm də ki, bütün bunların canlı şahidləri də var nə yaxşı ki. Bu gün qocaman, 27 yaşlı “SƏS”çilərlə 10 yaşını tamam etmiş SİA-nın gənc jurnalistləri bir arada çalışır, bir yerdə fikir mübadilələri aparır, bir yerdə dövlətçilik maraqlarına xidmət edir və külüngü də necə deyərlər, bir yerə vururlar.

Bəli, bu gün bir redaksiyada, bir dam altında həm “SƏS” qəzeti işıq üzü görür, həm “SƏS” İnformasiya Agentliyi fəaliyyət göstərir, həm də “SƏS” İnternet Televiziyası gecə-gündüz, 24 saat canlı efirdə tamaşaçıların ictimai, siyasi, sosial, iqtisadi, mədəni, idman və s. baxış maraqlarını təmin edir. Bu redaksiya artıq bizlərin ikinci evimizdir və həyatımızın çox hissəsini bu damın, bu məktəbin altında keçiririk. Görülən işlər isə, eyni zamanda 10 ilin 100 ilə bərabər mükəmməl media təcrübəsidir və əlbəttə ki, bütün bunlar elə-belə, balaca işlər deyil, əksinə, qlobal informasiya texnologiyalarının inkişafına təsadüf edən çağdaş zamanımızda nəhəng bir iş prosedurudur. Bəlkə də bir çoxları kənardan bu işlərin asan aparıldığını sanırlar, ancaq praktiki cəhətdən nəzər yetirdikdə, bunun heç də belə olmadığı göz önündədir.

“SƏS” məktəbi daim bu məsuliyyəti özünün prioriteti olaraq qəbul edib!

Daha bir məqama diqqət yetirək – ölkəmizdə söz və mətbuat azadlığının qorunması və inkişafı istiqamətində davamlı işlər aparan Prezident İlham Əliyev məhz həmin faktoru əsas tutaraq, medianın fəaliyyətini daim yüksək qiymətləndirib. Əbəs deyil ki, hər il bununla bağlı dövlət büdcəsindən mətbuatın inkişafına müəyyən məbləğdə vəsaitlər ayrılır. Belə olan təqdirdə media təmsilçiləri də öz üzərlərinə düşən məsuliyyəti dərk etməli, Azərbaycanın müstəqil və müasir mətbuatının tərəqqisi üçün var gücləri ilə çalışmalıdırlar. “SƏS” məktəbi daim bu məsuliyyəti özünün prioriteti olaraq qəbul edib və bundan sonra da edəcək.

Bu gün “SƏS”in səsi istər beynəlxalq arenalardan, konfranslardan, müxtəlif nəhəng tədbirlərdən gəlir, lakin əsas səsimiz İnşaAllah işğal altından azad olunacaq Qarabağımızdan, Xankəndimizdən, Şuşamızdan gələcək. Biz, buna inanır və ona doğru gedirik!

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə