Ekspert: “Paradı izləmək çox qürurverici idi" ÖZƏL-MÜNASİBƏT

"Bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı bir çox əlamətdar və yadda qalan tədbirlərin keçirilməsinin şahidi olduq. Heç şübhəsiz ki, Bakının işğaldan azad olunmasının 100 illiyi ilə əlaqədar keçirilən tədbir də az əhəmiyyətli deyildir. Bu bir daha Azərbaycanın müstəqilliyinin qorunmasında qardaş ölkə Türkiyənin ən önəmli yer tutmasını göstərdi". Bunu SİA-ya açıqlamasında siyasi ekspert Vüqar Əhmədov deyib.

"O zaman Nuru Paşanın rəhbərlik etdiyi ordu Bakını işğaldan azad edilməsində iştirak etməsəydi, biz bu günkü inkişafın şahidi olmazdıq. Bu hadisə Türkiyə ilə Azərbaycanın qardaşlığını daha da gücləndirdi. Bu münasibətlə keçirilən parad sanki bizi o dövrə, keçmişə qaytardı. Eyni zamanda hərbi paradda nümayiş olunanlar Azərbaycanın ən müasir və yenilənmiş silahlara və hərbi texnikaya malik olmasını bir daha sübut etdi və bu onu göstərir ki, işğal olunmuş ərazilərin azad olunması günü heç də uzaqda deyildir. Paradı izləmək çox qürurverici idi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezident İlham Əliyevin bu münasibətlə keçirilən tədbirlərdə iştirak etməsi mövuzunun əhəmiyyətini daha da artırdı"-deyə, V.Əhmədov deyib.

Onun sözlərinəgörə, bu tədbirlərin dövlət səviyyəsində keçirilməsinin həm də ona görə əhəmiyyəti var ki, bu hadisələrin üstündən 100 il keçməsinə baxmayaraq biz bu tarixi unutmamalı və gələcək nəsillər üçün yaşatmalıyıq: "Ötən əsrin əvvəlində də, bu gün də bu coğrafiyada Azərbaycan və Türkiyə qardaşlığına mane olmaq istəyən və buna qısqanclıqla yanaşan qüvvələr olub və gələcəkdə də olacaq. Məhz hər iki qardaş ölkənin rəhbərlərinin siyasi iradəsi nəticəsində bu birlik və qardaşlıq nəinki yaşanır, digər türk xalqlarını da öz ətrafına sıx birləşdirir. Keçirilən möhtəşəm parad bir daha sübut etdi ki, Azərbaycan və Türkiyə qardaşlığı əbədidir, sarsılmazdır və dönməzdir və ən çətin günlərdə hər iki dövlət bir birinin yanında olmağı bacarır".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə