Xəzərin statusu ilə bağlı Konvensiyaya SİYASİ BAXIŞ-ÖZƏL

Xəbər verdiyimiz kimi avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında sənədlərin imzalanması mərasimi olub. Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Həsən Ruhani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov imzalayıblar. Bundan əlavə, Xəzəryanı dövlətlərin müvafiq qurumlarının rəhbərləri tərəfindən bu Konvensiyadan irəli gələn digər mühüm sənədlər - Xəzər dənizində mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Protokol, Xəzəryanı dövlətlərin hökumətləri arasında ticari-iqtisadi əməkdaşlıq haqqında Saziş, Xəzəryanı dövlətlərin hökumətləri arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Saziş, Xəzər dənizində insidentlərin qarşısının alınması haqqında Saziş və sərhəd xidməti idarələrinin əməkdaşlığı və qarşılıqlı əlaqələri haqqında Protokol imzalandı.

SİA Konvensiyanın siyasi əhəmiyyəti ilə əlaqədar Milli Məclisin deputatlarının fikirlərini təqdim edir:

Milli Məclisin deputatı Eldar İbrahimov: “Qazaxıstanın Aktau şəhərində Xəzər dənizinin hüquqi statusuna dair imzalanan Konvensiya tarixi anlaşmadır və Xəzər regionunda əməkdaşlığın inkişafına, eləcə də sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edir. Bu Konvensiyanın imzalanmasında Azərbaycanın da rolu danılmazdır. 1992-ci ildən Xəzərin hüquqi statusu barədə konvensiya ilə bağlı sahil dövlətlərinin ikitərəfli və çoxtərəfli görüşləri öz məntiqi yekununa yaxınlaşdı. Çünki indiyədək Xəzərin hüquqi statusuna hər bir dövlət milli maraqlarından çıxış edərək fərqli yanaşırdı. Azərbaycan sözügedən məsələ ilə bağlı danışıqların aparıldığı müddətdə Xəzərin beynəlxalq hüquq normaları və prinsipləri çərçivəsində ədalətli bölgüsünü təklif edib. Aktau Zirvə toplantısında sənədlərin imzalanması mərasimindən sonra prezidentlərin mətbuata bəyanatlarla çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də diqqətə çatdırdı ki, Azərbaycan bu sənədin hazırlanmasının bütün mərhələlərində konstruktiv işləyib və digər Xəzəryanı ölkələr kimi bu sənədin imzalanmasına öz töhfəsini verib. Xəzər dənizinin hüquqi statusuna dair konvensiyanın imzalanması 5 sahil ölkə üçün dönüş nöqtəsidir. Yaranmış əməkdaşlıq mühiti beynəlxalq yükdaşımalarında Xəzəryanı ölkələrin payının artmasına mühüm töhfələr verməklə yanaşı, Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin inkişafına da əlavə stimul olacaq. Belə ki, Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısında çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev diqqətə çatdırdı ki, Azərbaycanın Xəzəryanı ölkələrlə dostluq və mehriban qonşuluq münasibətləri uğurla inkişaf edir. Dövlətimizin başçısı bildirdi ki, ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələri Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir”.

Milli Məclisin deputatı Aydın Mirzəzadə: “Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın imzalanması böyük tarixi hadisədir. 5 dövlət kənar dəstəyin və iştirakı olmadan dünyanın ən böyük su hövzəsinin hüquqi statusunu müəyyənləşdirə bildilər. Kənar qüvvələrin bu məsələdə öz maraqlarını yürütməyə çalışmasına baxmayaraq, tərəflər razılığa gəldilər ki, burada digər ölkələrin hərbi bazası yerləşə və müdafiə ehtiyacından artıq güc çoxaldıla bilməz: “Razılaşmaya əsasən, hər bir ölkənin sahilinə yaxın hissədə milli sərhədləri müəyyənləşdirilməklə yanaşı, Xəzər dənizi ümumi su gəmilərinin hərəkəti üçün açıq élan edildi. 5 dövlətin gəmilərinin dünya okeanına çıxışı barəsində razılığa gəlinməsinin özü də böyük hadisədir. Həmçinin tərəflərin dənizin dibi, təbii ehtiyatların bölüşdürülməsi ilə bağlı məsələlərdə ikitərəfli razılaşmalar əldə etməsi bəndinin salınması mübahisəli məsələlərdən qaçmağa, diqqəti fikir ayrılığına deyil, fikir əldə edilmiş razılığa yönəldilməsinə səbəb olur. Bu, regionu sülh və əməkdaşlıq bölgəsinə çevirir, bir qrup ölkənin öz region məsələlərini danışıqlar yolu ilə həll etməyin mümkünlüyünü göstərir. Bu, dünyanın digər bölgələri üçün çox yaxşı nümunədir”.

Milli Məclisin deputatı Musa Qasımlı: “Uzun illər boyu Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi istiqamətində danışıqlar gedirdi və İşçi qrup işləyirdi: Nəhayət bu fəaliyyət öz səmərəsini verdi. Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya imzalandı. Konvensiyanın imzalanması heç şübhəsiz ki, böyük əhəmiyyət daşıyır. İlk növbədə ona görə ki, Xəzəryanı 5 dövlət ümumi məxrəcə gəldilər. Bu sənədin imzalanması bir daha göstərir ki, Xəzəryanı dövlətlər digər məsələlərdə də bərabər hərəkət edə bilərlər”.

Milli Məclisin deputatı Fərəc Quliyev: “Xəzər hövzəsi Qara dəniz hövzəsi kimi əhəmiyyətli və dünyanın ən strateji yerlərindən biridir. Bura eyni zamanda həssas bölgədir. Burada dövlətlərin statusu, dövlətlərarası münasibətlər sistemi, Qara dəniz bölgəsindən fərqli olaraq karbohidrogen ehtiyatlarının olması ilə əlaqədar mübahisəli məsələlər var idi ki, Xəzərin statusu haqqında Konvensiyanın imzalanması bütün bu problemlərin həllinə son qoymuş oldu. Konvensiyanın imzalanmasında uzun illər Azərbaycan diplomatiyası çox uğurlu iş aparıb:“Azərbaycan illərdir ki, haqlı prinsipindən əl çəkməyərək mövqeyini müdafiə edərək, inandırmaq siyasəti yürütdü. Ölkəmizin qonşu ölkələrlə yüksək səviyyədə münasibət quraraq, əməkdaşlıq aparması nəticə etibarı ilə Azərbaycanın maraqlarının sözügedən Konvensiyada təmin olunması ilə nəticələndi. Konvensiya ölkələr arasında ziddiyyətlərin aradan qaldırılması ilə yanaşı, həm də xoş münasibətlərin yaranmasına öz töhfəsini verəcək. Ərazi barış və sabitlik bölgəsinə çevrilir. Bu məsələ ölkələrin, sosial, iqtisadi və digər sahələrdə birgə fəaliyyəti üçün geniş imkanlar açacaq. İranın və Rusiya arasında münasibətlərin yaxşılaşması, Ermənistanın mövqelərinə xüsusilə də mənfi təsir göstərəcək. Bundan başqa ortada etimad məsələsi olacaq. Belə ki, hərbi məsələlərdə, silah-sursatın alınması, Xəzər donanmasının tərkibə qonşu dövlətlərin vəsaitlərinin daxil edilməsi kimi məsələlər də öz həllini tapmış oldu. Bu baxımdan Konvensiyanın imzalanmasının çox ciddi uğur hesab edir, bunu Azərbaycan tərəfinin bu uğurun qazanılmasında digər dövlətlərə verdiyi töhfə kimi qəbul edirəm. Çünki, Azərbaycanın bu istiqamətdə səyləri digər ölkələrlə müqayisədə xeyli artıq olub ”.

Millət vəkili Azər Badamov: “Xəzərin hüquqi statusu haqqında imzalanan konvensiya cənab Prezidentin qeyd etdiyi kimi tarixi sənəddir.Çünki, 25 ildən artıq bir müddət idi ki, Xəzəryanı 5 ölkə Xəzər dənizi ilə bağlı ümumi razılığa gələ bilmirdilər. Qeyd etdiyimiz konvensiyanın imzalanması Xəzər dənizindən istifadə olunmasında bir konstitusiyanın qüvvəyə minməsi deməkdir. Bundan sonra Xəzəryanı bütün dövlətlərin Xəzərdə maraqları konvensiya ilə qorunacaq. Konvensiyanın təsdiq olunması Xəzərin hüquqi statusunun öz həllini tapmış olmasıdır. Konvensiya Xəzəryanı ölkələrin bir-birinə ərazi iddiası kimi məsələyə son qoyur. Həm də Xəzərdə iqtisadiyyat, nəqliyyat, ekologiya və təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri konvensiyada öz əksini tapıb. Konvensiyanın imzalanması Xəzər dənizindən istifadə olunmasında Xəzəryanı ölkələrin qarşılaşdığı problemlərin həll olunması deməkdir. Xəzəryanı ölkələr bundan sonra Xəzərdən istifadə olunmasında konvensiyanın tələblərini rəhbər tutacaq və ona uyğun hərəkət edəcəklər. Xəzərin hüquqi statusu haqqında imzalanmış konvensiya Azərbaycanın maraqlarına tam uyğundur”.

Milli Məclisin deputatı Elman Məmmədov: “Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması 5 sahil ölkə üçün dönüş nöqtəsidir. Bu proses uzun illər idi ki, davam edirdi. Burada cürbəcür məqamlar oldu. Eləcə də müəyyən məsələlərdə razılığa gəlməyən bəzi dövlətlər oldu. Nəhayət ki, 5 dövlət Xəzər dənizinin hüquqi status ilə bağlı bütün məsələlərdə ümumi razılığa gələ bildilər. Burada razılaşdırılmış məsələlər heç bir dövlətin milli, strateji, təhlükəsizlik, iqtisadi və s. məsələlərinə xələl gəlmədən həll olundu. Təbii ki, bu çox böyük uğurdur. Sammitin son yekun nəticəsi elə uğurlu alındı ki, bu həqiqətən də Xəzəryanı dövlətlər arasında olan bütün sahələrdə əməkdaşlığın daha da inkişaf etməsinə səbəb olacaq. Bu müqavilələr həm iqtisadi, siyasi, həm də hərbi sahədə, ekologiya sahəsində xeyirli oldu. Hesab edirəm ki, bizim dogma Vətənimizin, Azərbaycanımızın bu məsələdən qazancı, götürəcəyi xeyir hər istiqamətdə ürəkaçandır. Yəni Azərbaycanın ortaya qoyduğu bu illər ərzində nə şərtlər var idisə, onların hamısı bu sammit çərçivəsində imzalanan sənəddə öz əksini tapdı. Bu eyni zamanda regional əməkdaşlıq və regional təhlükəsizliyin əsas şərtlərindən birinə çevrildi. Cənab Prezident İlham Əliyev orada öz çıxışı zamanı Cənubi Qafqazda təhlükəsizliyə və Ermənistanın işğalçılıq siyasətinə, bütün beynəlxalq qanunları pozmasına, BMT-nin məlum qətnamələrinə əməl etməməsinə və s. toxundu. Bu elə-belə toxunma halı deyildi. Ölkə başçısı həmin Xəzəryanı dövlətlərin rəhbərlərinin nəzərinə çatdırdı ki, əgər biz bütün məsələlərdə əməkdaşlıq ediriksə, bu məsələlərdə də mövqeyinizi göstərməlisiniz və ədalətli mövqe ortaya qoymalısınız. Cənab Prezident çıxışında Xəzəryanı dövlətlərin dövlətlərin ərazi bütövlüyü məsələsinə də toxundu və bildirdi ki, “Ermənistan tərəfindən bizim ərazi bütövlüyümüz pozulub. Əgər biz əməkdaşıqsa, tərəfdaşıqsa bütün məsələlərdə bir-birimizə kömək durmalıyıq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə