"Azərbaycan Xəzəryanı ölkələrlə əməkdaşlığın mərkəzində dayanacaq" AÇIQLAMA-ÖZƏL

“Azərbaycan illərdir ki, Xəzər dənizinin dibinin bölünməsi ilə bağlı öz təklifini irəli sürmüşdü və bu təkliflər modifikasiya olunan orta xətt pirinsipi əsasında qurulmuşdu. Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzərin hüquqi statusu ilə bağlı imzalanan Konvensiyada Azərbaycanın irəli sürdüyü məhz bu təklifin əsas götürülməsi ölkə diplomatiyasının böyük uğurudur”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Azərbaycanın Xəzər dənizində aparıcı rol oynadığını deyən politoloq söyləyib ki, ölkəmizin müstəqillik qazanmasından sonra bu rol daha da önə çəkilib.

İ.Vəlizadə söyləyib ki, Azərbaycanın Xəzər dənizində inkişaf etmiş infrastrukturu, ən böyük ticarət donanması var: “Ələt Beynəlxalq Dəniz Ticarət Limanın hazırda ən iri limanlardan sayılır. Bundan başqa Azərbaycan uzun illərdir Xəzər dənizində karbohidrogen yataqlarının istehsalçısı olub. Bu baxımdan ölkəmizin mövqeyi nəinki nəzərə alınır, hətta prioritet təşkil edirdi. Ümumiyyətlə, Azərbaycan hüquqi statusla bağlı danışıqlar getdiyi bütün dövr ərzində beynəlxalq hüquqa və qarşılıqlı etimada söykənən milli mənafelərini müdafiə edib və digər qonşu ölkələr də xoş məram nümayiş etdirərək Azərbaycanın milli maraqlarını müdafiəsi qarşısında müəyyən güzəştlərə gediblər”.

Politoloq qeyd edib ki, Konvensiyanın imzalanması Azərbaycanın bu regionda reallaşdırdığı və planlaşdırdığı layihələrin uğurla həyata keçirməsinə geniş imkanlar açacaq: “Bütün bunlar Azərbaycanın Xəzəryanı ölkələrlə əməkdaşlığın mərkəzində dayanmağa kömək edəcək”.

Qəbul olunan sənədin çərçivə Konvensiya olduğunu dilə gətirən İ. Vəlizadə vurğulayıb ki, sənəddə bütün mübahisəli məsələlərin həlli yolları öz əksini tapıb: “Əgər gələcəkdə hər hansı məsələ ilə əlaqədar mübahisəli vəziyyət yaransa, o zaman Konvensiya düstur funksiyasını yerinə yetirəcək”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...