Akif Aşırlı: “Prezidentin atdığı addım dünya üçün örnək sayıla bilər" ÖZƏL

“Azərbaycan Prezidenti İlham Əliyev hər zaman ölkə mətbuatına diqqət və qayğı göstərib, problemlərinin həllinə çalışıb və buna da nail olub”. Bunu SİA-ya açıqlamasında “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı deyib

Baş redaktorun sözlərinə görə, sevindirici haldır ki, Prezident İlham Əliyev Milli Mətbuat Günü münasibətilə kütləvi informasiya vasitələri nümayəndələrinə təmənnsız mənzillər təqdim edib: “Eləcə də qəzetlərin maddi-texniki bazasının yaxşılaşdırılması haqqında ciddi tədbirlər görülüb. Təbii ki, bu tədbirlər hələ Ümummilli Lider Heydər Əliyevin zamanında olmuşdu. Hesab edirəm ki, Azərbaycanda ənənələrin formalaşmasında məxsusi rolu olan Ümummilli Liderimiz Heydər Əliyevdir. Ulu öndər Heydər Əliyev Azərbaycan jurnalistlərinin çox yaxın dostu idi. Ulu öndər Heydər Əliyev bizim bütün problemlərimizə çox həssas yanaşan, onları diqqətlə öyrənən və bu problemlərin həlli yolunda çox ciddi addımlar atan böyük dövlət xadimi idi. Hazırda bu kurs cənab İlham Əliyev tərəfindən uğurla davam olunur.

Milli Mətbuat Günü ərəfəsində bizə Prezident İlham Əliyev tərəfindən bu cür yardımların ayrılması artıq ənənə halını alıb. Dövlət başçısına öz təşəkkürümüzü bildiririk. Bu kimi addımlar dünya üçün bir örnək sayıla bilər. Azərbaycan jurnalistlərinin sosial problemlərinin, maddi-texniki bazasının möhkəmləndirilməsi çox ciddi addımlardan biridir”.

Qeyd edək ki, Prezident İlham Əliyev ötən gün ölkədə nəşr olunan qəzetlərə maliyyə yardımının ayrılması haqqında sərəncam imzalayıb. Azərbaycanda nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 1 milyon manat ayrılıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə