Aydın Quliyev: "Mediaya dövlətin dəstəyi bir institut kimi formalaşıb" AÇIQLAMA-ÖZƏL

“Cənab Prezidentin ötən gün imzaladığı sərəncam mediamıza Azərbaycanda dövlət dəstəyinin fasiləsiz bir prosesə çevrildiyini göstərən növbəti addımdır”. Bu fikirləri SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

O bildirib ki, ölkəmizdə mediaya dövlətin dəstəyi artıq bir institut kimi formalaşıb və ildən-ilə təkmilləşir: “Son illər biz mediaya dövlət dəstəyinin mövcud olan formalarına bir neçə əlavələrin edildiyini görürük. Belə ki, son 5-6 ildir ki, jurnalistlər əvəzsiz olaraq mənzillərlə təmin olunur, KİV-lərə birbaşa maliyyə yardımları ayrılır, jurnalistlərə müsabiqə yolu ilə maddi dəstək verilir, Kütləvi İnformasiya Vasitələrin İnkişafına Dövlət Dəstəyi Fondunun yarandığı 2009-ci ildən bu günə kimi qəzetlərə müsabiqə əsasında yardım göstərilir. Son bir neçə ildə Milli Mətbuat günündə çap mediaya Cənab Prezidentin fondundan birbaşa maliyyə yardımı ayrılır”.

Mediaya dövlət dəstəyi institutunun bundan sonra da, Azərbaycanda təkmilləşəcəyinə əminliyini ifadə edən baş redaktor söyləyib ki, medianın daha çox dövlətçi, vətənpərvər olması üçün özündən asılı olan hər şeyi edəcək: “Belə vəziyyətdə bizim üzərimizə düşən vəzifə dövlətin göstərdiyi təmənnasız dəstəyə rəğmən özümüzün vətəndaşlıq və dövlətçilik borcumuza sadiq qalmaq, ən çətin anlarda vətənin yanında olmaq, dövlətimizə, xalqımıza qarşı kənardan uzanan əllərin kəsilməsi üçün imkan və səlahiyyətlərimiz daxilində fəaliyyət göstərməkdir. Xüsusilə də son Gəncə hadisələri göstərdi ki, dövlətimizin əleyhinə kənardan medianın əli ilə edilən cəhdlərin qarşısının alınmasında biz medianın rolu böyükdür. Göstərilən diqqətə görə, dövlət başçısına təşəkkür edirəm”.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev ötən gün ölkədə nəşr olunan qəzetlərə maliyyə yardımının ayrılması haqqında sərəncam imzalayıb. Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 1 milyon manat ayrılıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə