Şahin Camalov: “Azərbaycanı Suriyaya çevirmək istəyən qüvvələr mövcuddur” AÇIQLAMA

“Azərbaycan dövlətinin güclü olması xaricdə olan bəzi qüvvələri çox narahat edir”. Bunu SİA-ya açıqlamasında İnsan Hüquqları XXI əsr Fondunun sədri Şahin Camalov deyib.

Fond sədri bildirib ki, bu gün Azərbaycan dövlətinin əldə etdiyi uğurlara qısqanclıq hissi ilə yanaşan qüvvələr var: “Ümumiyyətlə, kənardan gələ biləcək təhdidlərə qarşı Azərbaycan dövləti öz immunitetini formalaşdırıb. Son narahatverici məqamlardan biri də din pərdəsi altında ayrı-ayrı pozucu qrupların Azərbaycan dövlətinə qarşı təhdid cəhdləri və bəzi qonşu dövlətlərin bu prosesdə aktiv iştirak etməsidir. Ancaq Azərbaycan dövləti və xalqı olaraq bu proseslərdən narahat olmağımıza ehtiyac yoxdur. Birinci növbədə bizim oturuşmuş güclü dövlətimiz var və özünü müdafiə etmək bacarığına sahib hüquq mühafizə orqanlarımız mövcuddur. Artıq biz ötən əsrin 90-cı illərində yaşamırıq, yəni ordumuz, dövlətimiz yeni-yeni qurulmur. Bu gün tam oturuşmuş bir sistem var və hüquq mühafizə orqanları da kiminlə necə mübarizə aparacağını çox yaxşı bilir. Digər tərəfdən isə demək olar ki, Azərbaycanı Suriyaya çevirmək istəyən qüvvələr mövcuddur. Bu baxımdan birinci növbədə, dövlət bununla ciddi mübarizə aparmalıdır. İkinci növbədə, biz xalq olaraq, vətəndaşlar olaraq dövlətimizə bu məsələdə ciddi dəstəyimizi verməliyik. Son Gəncə, Sumqayıt hadisələrində də gördük ki, xalq dövlətin yanındadır. Dövlət öz üzərinə düşən vəzifə və öhdəliklərini yerinə yetirmək gücündədir. Ona görə də, həm dövlət, həm də xalq olaraq bu proseslərin öhdəsindən gəlmək qüdrətindəyik, bacarığındayıq. Bir sözlə, Azərbaycanı Suriyaya, Liviyaya çevirmək istəyən qüvvələrin arzusu ürəyində qalacaq. Bu dövləti müdafiə etmək və gələcək nəsillərə sağlam, sakit, əmin-aman bir dövlət olaraq ötürə bilmək üçün xalq dövlətin yanında olmalıdır, necə ki, var”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə