Deputat: “İftira üzrəində qurulmuş kampaniyaların heç bir səmərəsi olmayacaq” ÖZƏL

“Cənab Prezdent Gəncə hadisələri ilə bağlı hüquq-mühafizə orqanlarının rəhbərləri ilə keçirilən iclasda çox düzgün olaraq vurğuladı ki, Azərbaycana qarşı yalan, iftira üzrəində qurulmuş kampaniyaların heç bir səmərəsi olmayacaq. Təbii ki, Azərbaycanın müstəqillik tarixində belə çirkin kampaniyalar ilə çox rastlaşmışıq”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, ölkəmizdə keçirilən hər bir siyasi proses və yaxud beynəlxalq əhəmiyyətli tədbirlər ərəfəsində belə hallar mütəmadi baş verib və bundan sonra da gözləniləndir: “Çünki, Azərbaycan dinamik inkişaf edən, dünyada tutduğu mövqeyi günü-gündən güclənən və nüfuzu artan ölkədir. Həm də böyük enerji ehtiyatlarına malikik. Bir çox xarici dairələr isə öyrəşiblər ki, bizim kimi ölkələrdə siyasi sabitliyi pozsunlar, ölkədə xaos yaransın və xalqın milli sərvətlərini talan etsinlər. Dünya praktikasında belə halları görmüşük. Məsələn İraqın, Liviyanın, Suriyanın timsalında bunu qeyd etmək olar. Bu ölkələrdə də həyat səviyyəsi çox yüksəlmişdi. İnsanlar firavan yaşayırdılar. Amma xarici dairələrin təsiri nəticəsində ölkələr məhv oldu. Lakin belə ölkələrdən fərqli olaraq Azərbaycan xalqı ağıllı və müdrik xalqdır. Pis, çətin günlərini də yaşayıbdır və bugünkü inkişafını da görür. Məhz xalqın mənafeyinə xidmət edən dövlət siyasətinin dövlət başçımız tərəfindən yürüdülməsi xalqın dövlətə və Prezidentə inamını artırıb. Bu gün ölkəmizdə sarsılmaz xalq-iqtidar birliyi var”.

A.Badamov əlavə edib ki, Gəncədə baş verən hadisələr də din pərdəsi altında xalq-iqtidar birliyini pozmaqla ölkəmizin siyasi sabitliyini pozmağa hesablanmış xain planları idi: “Təbii ki, təxribat və terrorların dinlə heç bir əlaqəsi yoxdur. İslam dini həmrəylik və sülh dinidir. Adamları qətlə yetirmək, dövlətə qarşı çıxarmaq, terror törətmək İslam dininə yaddır. Hər bir təxribat hadisəsinin qarşısı dövlət tərəfindən qətiyyətlə alınır. Xarici düşmənlərimizə xidmət edən terroristlər, təxribatçılar vaxtında müəyyən edilərək cəzalandırılır. Dövlətin ən böyük məqsədi vətəndaşların təhlükəsizliyini təmin etmək, ölkədə təmin olunmuş siyasi sabitliyi qoruyub saxlamaq və vətəndaşların firavan həyatını təmin etməkdən ibarətdir. Bu yolda Azərbaycan xalqı hər zaman dövlət başçısının yanındadır və onun siyasi kursuna sadiqdir. Belə olan halda heç bir xarici dairə ölkəmizin həyatına heç vaxt ayaq aça bilməz”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...