Siyasətçilər Azərbaycan Ordusu haqqında RƏYLƏR

Sabitlik, dinamik iqtisadi inkişafla yanaşı, güclü ordu quruculuğu müasir Azərbaycanı xarakterizə edən əsas amillərdən biridir. Son illər ölkəmizin iqtisadi qüdrətinin artması sosial məsələlərin həllinə və milli ordumuzun möhkəmlənməsinə geniş imkan yaradıb. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin dəfələrlə artırılması ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına yol açıb. Azərbaycan Silahlı Qüvvələrini təşkil edən Müdafiə Nazirliyi, Dövlət Xüsusi Mühafizə Xidmətinin, DİN-in Daxili Qoşunlarının, Dövlət Sərhəd Xidmətinin, Dövlət Təhlükəsizlik Xidmətinin, Fövqəladə Hallar Nazirliyinin hərbi hissələri hazırda dövlət rəhbərliyinin böyük qayğısı sayəsində özünün yüksək inkişaf mərhələsini yaşayır. Müasir dövrdə ölkəmizdə çox mühüm sahələr olan hərbi təhsil və hərbi səhiyyə də davamlı şəkildə inkişaf etməkdədir. Gəlin İyunun 26-da qeyd olunacaq Azərbaycan Milli Ordu Günü və Hərbi paraddla bağlı deputatların və ekspertlərin fikirlərini öyrənək. SİA onların təəssüratlarını sizlərə təqdim edir:

Millət vəkili Musa Quliyev: “İyunun 26-da 100 yaşı qeyd olunacaq Azərbaycan Ordusunun yaranması günü münasibətilə milli ordumuzu, onun rəhbər heyətini, zabit heyətini, generallarımızı təbrik edirəm. Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü ordularından biridir və regionun ən güclü ordusudur. Bu gün Azərbaycan Ordusu ən müasir texnika ilə təchiz olunmuş ən çevik, peşəkar heyətlə təmin olunmuş bir ordudur. Azərbaycan Ordusu həm NATO standartlarına, həm də öz təlimatlarımıza, daxili qanunlarımıza uyğun təşkil olunmuş bir ordudur. Ordumuzun yaranması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Hələ sovetlər dönəmində Ulu Öndər böyük uzaqgörənliyi ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyi yaratdı. Bu gün ordumuzun əsas zabit və general heyəti həmin liseyin müdavimləridir, oranı bitirmiş bizim hərbçilərimizdir. Azərbaycan Ordusu cənab Prezident İlham Əliyevin rəhbərliyi altında son illərdə dünyanın ən güclü ordusuna çevrilib. Həm ordumuzun texniki təchizatı, həm də nizamı, əsgər və zabit heyətinin peşəkarlığı daima cənab İlham Əliyevin qayğısı və diqqəti altındadır. Son iki ildə bizim ordunun gücünü artıq düşmənlərimiz və bütün dünya da bilir. “Lələtəpə”dəki bizim ordunun üç günlük döyüş zamanı düşmənə vurduğu zərbələr, əldə etdiyi uğurlar və “Lələtəpə”nin alınması bütün dünyaya bir daha mesaj oldu ki, Azərbaycan öz torpaqlarını öz ordusunun gücü ilə istənilən an azad etməyə hazırdır.

Naxçıvanın Şərur rayonunda bir neçə strateji yüksəkliyin alınması və Günnüt kəndinin işğaldan azad edilməsi bir daha Azərbaycan ordusunun qüdrətinin göstəricisidir. Bu gün Azərbaycan ordusunda çevik hücum və müdafiəsi üçün lazım olan hər cür texniki imkanlar vardır. İstər aviasiyamız, istərsə də motoatıcı ağır texnikamız, digər piyada qoşun növləri və s. hər şey ordumuzda yüksək səviyyədədir. Biz ordumuza uğurlar arzulayırıq. Ordumuzun yaranmasının 100 illiyi münasibətilə də hərbçilərimizi bir daha təbrik edirik. İnşallah, yaxın günlərdə Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı işğaldan azad edəcək və şanlı Azərbaycan əsgəri Azərbaycanın bütün ərazilərində bizim bayrağımızı ucaldacaq”.

Millət vəkili Aydın Mirzəzadə: “Azərbaycan Silahlı Qüvvələri özünün hazırlıq vəziyyətinə və texniki təminatına görə, dünyanın 50 ən güclü ordu sırasındadır. Azərbaycanlı gənclərdə hərbi xidmətə maraq həddindən artıq böyükdür. Azərbaycan xalqı ilə ordu arasında çox sıx bağlılıq var. Azərbaycan xalqının ordu quruculuğu hərbiyə bağlılıq xalqımızın genetik proqramında, yaddaşındadır. İstər böyük dövlətlərimizin, xanlıqlarımızın olduğu dövrdə, hətta hərbi xidmətə çağırılmadığımız çar dövründə belə Azərbaycan xalqı özünü döyüşkən, hərbiyə bağlı insan kimi göstərib. Müstəqillik dövründə qısa bir zamanda Azərbaycan silahlı qüvvələrinin yaradıldığını deyən komitə sədri söyləyib ki, onlar Azərbaycanın ərazi bütövlüyü uğrunda qətiyyətlə vuruşublar.

Azərbaycan Ordusu böyük sınaqlardan keçib. Azərbaycan xalqının dəyərli oğulları sovet dövründə də general rütbəsinə qədər gəlib çatır, özlərini hər zaman çox intizamlı hərbiçi kimi göstəriblər. Hətta müstəqillik dövründə dağınıq yaranan dəstələr vahid komandanlıq olmasa da, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın daha çox ərazisinin işğal olunmasının qarşısını ala biliblər. Ordumuz böyük bir sınaqlardan keçib, döyüşlərdən mətanətlə çıxıb. 2 il bundan öncə Dağlıq Qarabağda aprel hadisələri ordumuzun gücünü bir daha göstərmiş oldu. Azərbaycan Ordusu hər zaman suverenliyimizin müstəqilliyimizin keşiyində durub. Biz bununla hər zaman fəxr edə bilərik”.

Millət vəkili Azər Badamov: “Azərbaycan Ordusu yaranmasının 100 illiyinə həsr olunmuş möhtəşəm hərbi parada hazırlaşır. Paradda Azərbaycan Silahlı Qüvvələrini dünyanın ən qabaqcıl hərbi silahlarla silahlandığını görəcəyik. Hərbi paradımızı bütün dünya izləyəcək. Ən çox maraqlı tərəf isə Ermənistandır. Çünki, onların hərbi paradda nümayiş etdirməyə və bizimlə üz-üzə çıxartmağa hər hansı bir texnikası yoxdur. Artıq tüfənglə müharibə aparmaq zamanı bitibdir. Paşinyan bilir ki, Azərbaycan Ordusunun yeganə məqsədi torpaqlarımızı azad etməkdir və bu tez-gec baş verəcəkdir. Hərbi paradımızda nümayiş edəcəyimiz güc də bunu deməyə imkan verəcəkdir. Paradımızı izləyən ermənilər Azərbaycanın gücünü görəndə vahiməyə düşəcəklər və özlərinin məğlubiyyətini anlayacaqlar. Paşinyan öncədən Qarabağa səfər etməklə ermənilərin düşəcəyi vəziyyəti qabaqlamaq istəyir. O, öz xalqına göstərmək istəyir ki, bizim də hərbimiz var və qorxuya düşmək lazım deyil. Amma vəziyyət Paşinyanın istədiyi kimi deyil. Çünki Azərbaycan Silahlı Qüvvələrinin hərbi paradı düşməni lərzəyə gətirəcək və onlar dərk edəcəklər ki, özlərinin məhv olacağı gün uzaqda deyil. Düşünürəm ki, hərbi paradımızıdan sonra Dağlıq Qarabağda və Ermənistanda Paşinyana qarşı etirazlar çoxalacaq və Paşinyanı Azərbaycanla sülh yolu ilə məslənin həllinə məcbur edəcəklər. Əks halda nə baş verəcəyini onlar yaxşı anlayacaqlar”.

“Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev: “Azərbaycan Ordusunun yaranmasının 100-cü ildönümü bizim üçün əlamətdar və qürur mənbəyi sayılan bir tarixdir. Tarixdə müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin yaradılması həm Azərbaycan dövlətçiliyinin tarixində əlamətdar bir gündür, həm də insanların şüurunda dövlətçilik təəsübkeşliyinin nə qədər dərin olduğunun bir göstəricisidir. Bu gün Azərbaycan dövləti ordu quruculuğuna xüsusi diqqət və qayğı ilə yanaşır. Dövlət büdcəsinin böyük bir hissəsi ordu quruculuğuna sərf olunub. Bu gün ordu quruculuğuna Azərbaycan dövlətinin, hakimiyyətinin münasibətini bir neçə faktorla xarakterizə etmək mümkündür. Birinci faktor, Azərbaycan hakimiyyətinin dövlətçilik prinsipi və maraqlarına güzəştsiz və qətiyyətli yanaşmasının əlamətidir. Yəni Azərbaycan hakimiyyəti üçün dövlətçilik maraqlarının bu gün hər şeydən üstün olduğunun nümayişi ordumuzun timsalında bir daha özünü göstərir. İkincisi, bizim torpaqlarımızın işğal altında olması və ordu quruculuğunun yüksək səviyyədə aparılmasına bir milli zərurət, tələbat olmağının göstəricisi kimi yanaşılmalıdır. Ona görə Azərbaycan hakimiyyəti dövlətimizin ordu quruculuğuna hər il büdcə ayırmalarını dəfələrlə artırır. Təsadüfi deyil ki, bu gün orduya büdcə ayırmaları hətta az qala Ermənistan dövlətinin bütünlüklə dövlət büdcəsindən artıqdır. Üçüncüsü isə Azərbaycan hakimiyyətində olan siyasi qüvvənin bizim dövlətçilik tarixinin bütün atributlarına hörmətlə yanaşmasının ifadəsi kimi diqqətə layiqdir.

Ordumuzun 100 il bundan öncə 1918-ci ildə yaradılması artıq bir tarixi hadisə olsa da amma bu gün Azərbaycan dövlətinin onu dövlət səviyyəsində təntənəli şəkildə qeyd etməsi hər şeydən əvvəl bizim dövlətçilik tarixinə olan hörmətin, rəğbətin bir göstəricisidir. Bütün hallarda 26 İyun bizim üçün qürur mənbəyi, fəxarət mənbəyi sayılan milli tarixdir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...