Ərdoğanın qələbəsi - Qərb mətbuatının məğlubiyyəti

Türkiyədə keçirilən seçki ərəfəsində yanlış xəbər verərək qardaş ölkə başçısı Rəcəb Tayyib Ərdoğanla bağlı qarayaxma kampaniyası həyata keçirən Qərb mətbuatı seçkilərin nəticələri açıqlandıqdan sonra məğlubiyyətə uğradı. SİA-nın xəbərinə görə, ABŞ-ın CNN kanalı Türkiyədə səsvermə zamanı namizədlər arasında Ərdoğanın digərlərindən üstün səs topladığını açıqladı.

Fransa mətbuatı olan AFP xəbər agentliyi Türkiyənin ilk dəfə eyni gündə prezident və parlament seçkiləri keçirdiyini vurğulayaraq, namizədlər arasında mübarizədə Ərdoğanın öndə getdiyini açıqladı.

İngiltərənin “Röters” xəbər agentliyi də Ədalət və İnkişaf Partiyasının seçimlərdə üstünlük qazandığını və Rəcəb Tayyib Ərdoğanın səs çoxluğu ilə digərlərindən öndə olduğunu oxucularına çatdırmış oldu.

Fransanın “Le Monde” qəzeti müxalifətin iddialarına baxmayaraq, Türkiyədə səs verənlərin yüksək fəallıq nümayiş etdirərək Türkiyə prezidenti Ərdoğana üstünlük verdiyini yazıb.

Rusiyanın “Rusiya Today” xəbər xidmətinin yayımladığı yazıda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rahat şəkildə qələbə qazandığını, Ədalət və İnkişaf Partiyasının (AKP) Ərdoğanla birgə qələbə qazanaraq iqtidarda qalmağı bacardığını qeyd edib.

Yaxın Şərq gündəmini axtaran “Middle East Eye” sistemi Ərdoğanın ən yaxın rəqibindən 20 faiz daha çox səs topladığını yazdı.

Qətərin “Əl Cəzirə” telekanalı Türkiyə Prezidentinin qələbədən sonra Partiyanın binası qarşısında çıxışı zamanı şəkillərini yayaraq, Ərdoğanın seçkidə açıq şəkildə qələbə qazandığını bildirdi.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə