Ərdoğan: "Bu seçimin qalibi demokratiya, milli iradədir"

Ötən gün Türkiyədə keçirilən prezident seçkilərində qalib olan Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) eyvanından vətəndaşlara xitab edib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, çıxışına "sevimli millətim" ifadəsi ilə başlayan Türkiyə prezidenti hər kəsi salamlayaraq vətəndaşların “dik dur, əyilmə, bu millət səninlə” ifadəsinə qarşılıq olaraq “narahat olmayın, heç bir gücün qarşısında əyilmədik. Sadəcə, Allahın hüzurunda və səcdədə əyildik” dedi.

Seçki nəticələrinin xeyirli işlərə vəsilə olacağını deyən Ərdoğan bunları deyib: “Bu seçimin qalibi demokratiya, milli iradə, millətimizin özüdür. Bu seçimin qalibi 81 milyon vətəndaşımızın hər bir fərdidir. Türkiyə siyasi tarixinin bu demokratiya mərasimində iştirak edən bütün vətəndaşlara təşəkkür edirəm. Siz tarix yazırsınız. Əsrlər sizi fərqli şəkildə anacaq. İnkişaf etmiş ölkələr daxil olmaqla, dünyanın bir çox yerində seçkilər bu cür keçirilmir. Türk milləti bu seçkidə öz iradəsinə sahib çıxaraq demokratiyaya və onun ayrılmaz hissəsi olan hüquq və azadlıqlara əhəmiyyət verdiyini bir daha göstərmiş oldu. Dünən çevrilişə cəhd edənlərin tanklarını, toplarını, təyyarələrini, vertolyotlarını, silahlarını çılpaq əlləri ilə dayandıran bu millət bu gün eyni əllərlə istiqlalına və istikbalına sahib çıxdı.

Seçkilərdə qalib gələn Ədalət və İnkişaf Partiyasına (AKP) təşəkkürünü bildirən Ərdoğan deyib: “Gecə demədiniz, gündüz demədiniz çalışdınız. Millətimizin seçkidə partiyamıza verdiyi mesajı da aldıq. Önümüzdəki dövrdə millətimizin qarşısına bütün çatışmazlıqları tamamlayaraq çıxacağıq. Bundan əmin olun!”.

Partiyanın millət tərəfindən yaradıldığını işarə edən Ərdoğan sözünə davam edib: “Bundan sonra da gözümüz, qulağımız millətimizdə olacaq. Sabahdan etibarən millətimizə vəd etdiklərimizin həyata keçməsi üçün çalışmalara başlayacağıq. Yeni idarəetmə sistemimizlə bağlı hazırlıqlarımızı böyük ölçüdə tamamlaşmışıq. Yəqin ki, bu haqda xəbərdarsınız. Andiçmə mərasiminə qədər işlərə yenidən göz gəzdirəcək, bu işləri daha da kamilləşdirəcəyik. Andiçmə mərasimindən dərhal sonra işlərimizə başlayacağıq. Türkiyənin bir an belə itirməməsi naminə gecə gündüz çalışacağıq”.

Türkiyənin daha bir demokratiya imtahanını bütün dünyaya örnək olacaq şəkildə baş vurduğunu ifadə edən qardaş ölkə başçısı bildirib ki, türk milləti ötən gün seçimini 16 ildə olduğu kimi döyüşə deyil, xidmətə yönəltmiş oldu: "Bizə bu günü nəsib edən Rəbbimizə şükür edirəm. Sizin sevginizə layiq olmaq üçün daha böyük səy göstərəcəyik. Sizin etibarınıza qarşılıq vermək üçün daha çox tər tökəcək, dəstəyinizin haqqını qaytarmaq üçün mübarizə aparacağıq. Seçiminizlə bizə verdiyiniz güclə ölkəmizi 2023 hədəflərinə birgə çatdıracağıq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə