Dövlət İdarəçilik Akademiyasında Milli Qurtuluş Günü qeyd olunub

İyunun 14-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Milli Qurtuluş Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib. SİA xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin bu ali məktəbdəki büstü önünə gül dəstələri qoyub, Ulu Öndərin xatirəsini dərin ehtiramla anıblar.

Tədbirdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov böyük tarixi əhəmiyyət daşıyan 15 iyun - Milli Qurtuluş Günü haqqında ətraflı məlumat verib. Vurğulanıb ki, 1993-cü il iyunun 15-i tariximizə qurtuluş günü kimi daxil olub.

1988-1992-ci illərdə ölkəmizin parçalanmaq və dağılmaq təhlükəsi ilə üzləşdiyini qeyd edən rektor 1993-cü ildə xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu təhlükənin sovuşduğunu, respublikamızın böyük inkişaf yoluna çıxdığını diqqətə çatdırıb.

Akademik U.Ələkbərov dahi rəhbər Heydər Əliyevin zəngin dövlətçilik irsinin əhəmiyyətindən danışıb, ölkəmizdə qazanılan bütün nailiyyətlərin Heydər Əliyev siyasətinin bəhrəsi olduğunu vurğulayıb, Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini bildirib.

Professor Elman Nəsirov və digər çıxış edən alimlər də dahi rəhbər Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq rolundan bəhs ediblər.

Tədbirdə ümummilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən film nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...