Tahir Mirkişili: “Azərbaycanın gəliri 100 milyard dolların üzərindədir” MÜNASİBƏT

“TANAP “Cənub Qaz Dəhlizi” layihəsinin əsas dörd elementindən biridir. Hətta uzunluğuna görə də ən böyük hissəsidir. TANAP Türkiyənin şərq sərhəddindən qərb sərhəddinə qədər uzanır”. Bunu SİA-ya açıqlamasında millət vəkili Tahir Mirkişili deyib.

Deputatın sözlərinə görə, “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsində ən mühüm element məhz yeni olan TANAP xəttinin çəkilməsidir: “Çünki Azərbaycan-Gürcüstan sərhəddinə qədər daha əvvəl işə düşmüş “Qaz İxracı Boru” kəməri var idi. Bu Cənubi Qafqaz boru xəttinin kəməri idi. Türkiyə ərazisindən çəkilən kəmər isə tamamilə yeni və kifayət qədər də ambisiyalı, mürəkkəb bir layihə idi. Layihənin həyata keçirilməsində Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa siyasi nüfuzu və eyni zamanda Azərbaycan-Türkiyə münasibətlərinin çox mühüm əhəmiyyətini önə çəkmək lazımdır. Layihənin həyata keçməsinə 7 milyard dollardan çox vəsait qoyulub. Bu layihədə 10 minə yaxın insan çalışıb. Layihənin başa çatması ilə Azərbaycan qazının artıq Türkiyəyə ixracı reallaşmaqdadır. Növbəti layihənin mərhələsi isə TAP layihəsidir. Əgər TANAP qazı Türkiyə ilə Ermənistan sərhəddinə çatdırırsa, TAP layihəsi isə Azərbaycan qazını Ermənistan sərhəddindən Yunanıstan, Albaniya və İtaliya üzərindən Avropa Birliyi istehlakçılarına çatdırmağı nəzərdə tutur.

Layihənin çox böyük iqtisadi və eyni zamanda siyasi əhəmiyyəti vardır. Ümumiyyətlə layihə kifayət qədər çox unikaldır. Çünki layihə 7 ölkəni və 15 şirkəti birləşdirir. Azərbaycan dünyada çox az ölkələrdəndir ki, dörd dəfə çox uzunluğunda layihəni həyata keçirməyi bacarıb. Azərbaycan ərazisinin şərqdən qərbə uzunluğu təxminən 500 kilometr həcmindədir. Buradan başlayaraq layihənin birbaşa Avropa sərhəddlərinə qədər minlərlə kilometr uzanması layihənin kifayət qədər böyük, uğurlu və eyni zamanda maraqlı, unikal olmasını deməyə əsas verir. Əgər Azərbaycana ixracatçı ölkə kimi baxsaq növbəti 100 il ərzində Azərbaycan qazının bu layihə üzərindən ixracı planlaşdırılır ki, bu zamanda Azərbaycanın əldə edəcəyi gəlir 100 milyard dolların üzərindədir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...