Yunus Oğuz: "İbrahimbəyov milli intihar etdi" AÇIQLAMA

“Rüstəm İbrahimbəyov əslində sovet imperiyasının yetişdirdiyi Bakı kosmopolitidir. Onun üçün insan, vətən yoxdur. Onun üçün imperiya Moskva və ora xidmət var. Təbii ki, bu kontekstdə sözügedən şəxsə ermənilərə xidmət tapşırılıb”. Bu fikirləri SİA-ya açıqlamasında “Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz deyib.

Ötən seçkilərdə R. İbrahimbəyovu prezidentliyə vahid namizəd etmək istəyən şəxslərə təəssüfünü bildirən baş redaktor söyləyib ki, “Qafqaz üçlüyü” filmi onun türk xalqına olan münasibətinin ilk göstəricisi deyil: “Əslində həmin şəxsin “Səhranın bəyaz günəşi” filmində də türk qadınları ələ salınıb, lağa qoyulub. Bu da təbii ki, İbrahimbəyovun dövlətinə, millətinə, öz doğulduğu yerə olan münasibətindən irəli gəlir”.

Y. Oğuz qeyd edib ki, kinorejissor şəxsi maraqlara xidmət edir: “ Onun şəxsi maraqlarını kim ödəyirsə, İbrahimbəyov onlara xidmət edir. Bu insan üçün vətən, dövlət anlayışı yoxdur. Kim ona pul verirsə, o da bu şəxsin qardaşıdır. Filmin “milli şura”nın bəzi üzvləri tərəfindən ermənilərdən alınan maliyyə əsasında çəkilməsini istisna etmirəm”.

“Öz aləmlərində onlar bu addımları ilə Azərbaycanı biabır etdiklərini sanırlar. Azərbaycan bütün dünyada yüksək səviyyədə təmsil olunan ölkədir və düşünmürəm ki, bu cür cılız fəaliyyət ölkəmizə hər hansı təsirini göstərsin. Əksinə bu zərbə İbrəhimbəyovun özünə olacaq. Çünki bu addımdan sonra Azərbaycanın qapıları həmin şəxsin üzünə tamamilə bağlandı. Milli intihar buna deyilir”, - deyə baş redaktor qeyd edib.

“Qafqaz üçlüyü” filmində kinorejissorun yaxınlarında başqa heç kimin yer almadığına toxunan baş redaktor söyləyib ki, normal azərbaycanlı aktyoru heç bir zaman həmin filmdə rol almaz: “Çünki istənilən aktyor ssenari ilə tanış olduqda onun Azərbaycana qarşı yönələn layihə olduğunu anlayacaqdır. Hətta Moskvada yaşayan, orada gedən azərbaycanlı aktyorlar belə bundan imtina edərdilər. Çox güman ki, rejissor özünə yaxın insanlara müraciət edib. Lakin görünür heç kim həmin filmdə iştirak etmək istəməyib”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə