Millət vəkili: "Ermənistanın işğalçı mahiyyəti ortadadır"

Avropa Şurası Parlament Assambleyasının sessiyası çərçivəsində bu gün "Avropada məcburi köçkünlərin humanitar ehtiyacları və hüquqları" mövzusunda məruzə müzakirə edilib. SİA-nın verdiyi məlumata görə, müzakirələrdə çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Sahibə Qafarova xatırladıb ki, bu günə qədər Assambleyada bir neçə dəfə miqrant və qaçqınların, məcburi köçkünlərin problemləri ilə bağlı müzakirələr keçirilib.

Onun fikrincə, bu məsələ Avropa üçün çox vacibdir. Çünki 4 milyondan artıq insan öz ölkələrində olan şiddətli toqquşmalar və müharibələr ucbatından Avropaya sığınıb.

Millət vəkili Sahibə Qafarova bildirib ki, mülki əhalinin öz yurd-yuvasından zorla köçürülməsi, məcburi deportasiya olunması insanlıq əleyhinə cinayətdir. Ona görə də Avropada sığınacaq tapmış 4 milyondan artıq insanın humanitar ehtiyaclarının təmin olunması, onların hüquqlarının qorunması çox vacib məsələdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında danışan Sahibə Qafarova deyib ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti 20 faiz ərazilərimizin işğalı və bir milyondan artıq vətəndaşımızın qaçqın və məcburi köçkünə çevrilməsi ilə nəticələnib. Bu münasqişə nəticəsində Ermənistan bütün beynəlxalq çağırışlara və hüquqi sənədlərə məhəl qoymayaraq azərbaycanlılara qarşı soyqırımı siyasəti həyata keçirib, qadın və uşaqlar ən qəddar üsullarla qətlə yetirilib. Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarında mülki əhaliyə qarşı insanlıq cinayəti törədib, Xocalıda soyqırımı törədiblər.

"Azərbaycan Ermənistanın işğalçılıq siyasəti nəticəsində qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olmuş bir milyondan artıq insanın problemlərinin həllini dövlət siyasətinin prioriteti elan etmiş, və ötən illərdə ölkəmizdə bütün çadır şəhərcikləri ləğv olunmuş, 97 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınmış, 265 min nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraitinin yaxşılaşdırılması təmin olunmuşdur", deyən Sahibə Qafarova əlavə edib ki, qaçqın və məcburi köçkünlərin problemləri çoxistiqamətlidir. Onların inteqrasiyası, sosial müdafiəsinin gücləndirilməsi, hüquqlarının qorunması bunlar sırasındadır. Amma bu insanlar üçün ən birinci məqsəd öz torpaqlarına geri qayıtmaqdır.

Sahibə Qafarova çıxışı zamanı işğal altında olan Azərbaycan şəhər və kəndlərinin adlarının ermənilər tərəfindən məqsədyönlü şəkildə dəyişdirilməsinə etirazını bildirib. O, deyib ki, heç bir beynəlxalq sənəddə, heç bir beynəlxalq təşkilatın qəbul etdiyi qətnamələrdə Azərbaycanın işğal altında olan şəhər və rayonlarının adı dəyişdirilmədiyi halda ermənilərin bu saxtakarlığı da beynəlxalq hüquqa ziddir. Ermənistan dövləti bununla bir daha öz işğalçı mahiyyətini ortaya qoyur.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin təklif və israrları ilə qətnaməyə 4 düzəliş edilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə