YAP Səbail rayon təşkilatı seçkilərdə fəallıq göstərənləri təltif etdi TƏDBİR - SƏS TV

Bu gün YAP Səbail Rayon təşkilatında prezident seçkilərinin yekunu ilə bağlı tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən təşkilat sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev seçkilərin uğurlu keçirilməsi haqqında fikirlərini bildirərək qeyd edib ki, seçkilərin nəticələri gözlənilən idi. Onun sözlərinə görə, demokratik cəmiyyətdə hər bir namizədin arxasında təşkilatlanmış qüvvə dayanır: “Ölkə başçısının arxasında da Yeni Azərbaycan Partiyası (YAP) dayanıb. Partiyamız bir daha nəyə qadir olduğunu sübut etdi”.

Ölkəmizdə seçki prosesinin ildən-ilə təkmilləşdiyini deyən deputat söyləyib ki, 11 aprel seçkilərində seçici fəallığı çox yüksək idi: “Məntəqələrdə növbələr var idi. Beynəlxalq müşahidəçilər də bu hala təəccüblə yanaşırdılar. Azərbaycan xalqı dünyaya seçki mədəniyyəti nümayiş etdirdi. Seçkinin demokratik əsaslara uyğun şəkildə keçirilməsi ilə bağlı səslənən fikirlər bizə qürur verir”.

Təşkilat sədri Azərbaycanın son 15 ildə keçdiyi böyük inkişaf yoluna nəzər salaraq söyləyib ki, bu müddət ərzində ölkəmiz sürətlə inkişaf edən ölkəyə çevrilib: “ Dünyada geosiyasi vəziyyətin gərgin olmasına baxmayaraq Azərbaycan stabillik adasına çevrilib. Ölkəmiz əsil demokratik dəyərlərə əsaslanan respublika kimi inkişaf edir. Azərbaycan bir çox amillərə görə dünyaya nümunədir. Bunların arasında tolerantlıq, multikulturalizm dəyərlərini sadalaya bilərik.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Hadı Rəcəbli YAP Səbail Rayon təşkilatının seçkilərlə bağlı gördüyü işləri yüksək qiymətləndirərək onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib.

Milli Məclisin üzvü Aydın Mirzəzadə çıxışında qeyd edib ki, builki seçkilərdə təbliğat-təşviqat aparmağa, insanları seçkiyə çağırmağa ehtiyac yox idi: “Çünki hər kəsin seçimi bəlli idi. Hər bir insan seçki gününü səbirsizliklə gözləyirdi. Azərbaycan seçicisi yaxşı bilirdi ki, Prezident İlham Əliyevə səs verməklə ölkəmiz gündən günə daha inkişaf edəcək, Azərbaycanın uğurları daha da artacaq”.

Tədbirin davamında çıxış edən Səs Media Qrupun rəhbəri Bəhruz Quliyev söyləyib ki, xalq bütün dünyanın gözü qarşısında öz seçimini edərək iradəsini ortaya qoydu.

Azərbaycan prezidentinin andiçmə mərasimində çıxışına toxunan B. Quliyev qeyd edib ki, Dövlət başçısı andiçmə mərasimində bildirdi ki, Azərbaycan xalqı sabitliyə inkişafa səs verib: “Ölkə başçısı çıxışında xalq iqtidar birliyinə də xüsusi toxunub. Həqiqətən də Azərbaycan xalqı aprelin 11-də sabitliyə səs verdi. Xoşbəxtliyimiz ondadır ki, bizim Prezidentimiz bizim liderimiz, liderimiz isə bizim prezidentimizdir. Xalq öz liderini çox sevir”.

Azərbaycanın sabit və təhlükəsiz ölkə olduğunu vurğulayan Səs Media Qrupun rəhbəri əlavə edib ki, ölkəmizin inkişafının kökündə məhz sabitlik, təhlükəsizlik dayanır.

B. Quliyev çıxışının sonunda Azərbaycan xalqını Qələbə münasibətilə təbrik edib, Partiya liderinin işinə uğurlar arzu edib.
Tədbirin sonunda Səbail rayonu üzrə seçkilərdə fəallıq göstərən partiya fəalları, deputat, təbliğat-təşviqat üzvləri, rayon idarə və təşkilatların nümayəndələri Yap Səbail Rayon təşkilatı tərəfindən fəxri fərmanla təltif olunublar.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə