Şair Ramaldanov: “Prezidentin bu addımı minlərlə ailələrin sevincinə səbəb oldu" ŞƏRH

“Azərbaycan Prezidenti İlham Əliyev andiçmədən sonra hümanist addım ataraq ilk növbədə “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzaladı. Bu çox sevindirici haldır. Sevindirici haldır ona görə ki, cənab Prezident bir daha öz Fərmanı ilə göstərdi ki, Azərbaycan dövləti, Prezidenti heç nəyi unutmur və heç kim unudulmur”. Bunu SİA-ya açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

Ehtiyatda olan polkovnikin sözlərinə görə, ümumiyyətlə birinci Qarabağ müharibəsində döyüşlər zamanı həlak olanlar, itkin düşənlər də olurdu: “Amma Azərbaycana Ümummilli Lider Heydər Əliyevin qayıdışından sonra bu məsələlərə diqqət yetirilməyə başlanıldı. 1997-ci ildə şəhid ailələrinin, itkin düşənlərin həyatının sığortalanması və pul ayrılması haqqında fərman çıxdı. 1997-ci ilə kimi olan o ailələr həmin fərmanda öz əksini tapmamışdılar. Çünki adətən fərman qüvvəyə minəndən sonra o qanunun tələblərini yerinə yetirmir.

Cənab İlham Əliyevin bu addımı minlərlə ailələrin sevincinə səbəb olur. Fərmana əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11 min manat məbləğində birdəfəlik ödəmə veriləcək. Azərbaycan Prezidenti hətta öz fərmanında bu məsələnin demək olar ki, çox sadə şəkildə həyata keçirilməsinə tapşırıq verib. Birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar əvvəllər sığorta ödənişi verilməmiş, o cümlədən barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan hərbi qulluqçuların vərəsələrinə verilir.

Bildiyiniz kimi bizim əsas şəhidlərimiz, itkin düşənlərimiz birinci Qarabağ müharibəsi döyüşləri zamanı olub. Bir tərəfdən təəssüflər olsun ki, bizim şəhid ailələrimizin sayı çoxdur. 11 min manat məbləğində birdəfəlik ödəmə bu gün Azərbaycanda şəhid ailəsinin öz problemlərinin həllində yardımçı olacaq. Ümummilli Lider Heydər Əliyevin daxili siyasəti və xalqa olan qayğısını bu gün cənab Prezident İlham Əliyev bir daha bu fərmanla göstərdi ki, Ulu Öndər tərəfindən qoyulan yol uğurla davam olunur. Bununla bağlı bütün izahlar artıq çox geniş şəkildə mətbuatda dərc olunub”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə