Hərbi ekspert: “Prezidentin Fərmanı vətənpərvərlik ruhuna böyük təsir edəcək” MÜNASİBƏT

“Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı əhəmiyyətliyi ilə seçilir”. Bunu SİA-ya Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri, hərbi ekspert Emin Həsənli deyib.

Onun sözlərinə görə, indiyədək şəhid ailələrinin mənzillə təminatı, onlara təqaüdlərin verilməsi, Qarabağ əlillərinin avtomobillə, mənzillə, təqaüdlə təmin edilməsi,Vətən uğrunda xidmət etmiş insanlara xüsusi qayğı mövcuddur: “Prezident Vətən uğrunda xidmət etmiş insanların övladlarını təhsil haqqından azad edib və onlara Prezidenti təqaüdü verdi. Təbii ki, bunun əhəmiyyəti həddindən artıq çox böyükdür. Bu həm vətənpərvərliyə təsir edir, həm də dövlət qarşısında xidməti olmuş insanların yüksək qiymətləndirilməsi ilə nəticələnir. Prezidentin sözügedən bu Fərmanı həmin insanların problemlərini birdəfəlik həll edəcək. Bu indiyədək olan Sərəncam və Fərmanların bir davamıdır. Hesab edirəm ki, bu, ölkədə vətənpərvərlik ruhuna çox böyük təsir edəcək və yaxşı stimul olacaq”.

E.Həsənli əlavə edib ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı Prezident İlham Əliyev Silahlı Qüvvələrimizin hərtərəfli inkişafı üçün kompleks tədbirlər görür: "Azərbaycanda ordu quruculuğu Ümummilli Lider Heydər Əliyevin qoyduğu yoldur, hərbi elmin əsaslarına uyğun ordu yaradılıb. Bu gün Silahlı Qüvvələrimizin arsenalında ən müasir texnika, hərbi aviasiya, hava hücumundan müdafiə sistemləri, quru qoşunlarımız, artilleriyamız var. Azərbaycan ordusu Cənubi Qafqazın ən güclü ordusudur. Ordumuzun silahlanması günün tələblərinə cavab verir. Bu, digər ölkələr üçün nümunələr olmalıdır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə