"Azərbaycan ilə Rusiya dost ölkələrdir"

Azərbaycan və Rusiya dost ölkələrdir və biz Rusiya xalqına rifah, uğurlu inkişaf arzulayırıq. SİA-nın verdiyi məlumata görə, bu sözləri Azərbaycanın Rusiyadakı səfiri, Moskva Dövlət Humanitar İqtisadiyyat Universitetinin fəxri doktoru Polad Bülbüloğlu universitetdə keçirilən “Çoxmillətli Rusiya gəncliyi” adlı konfransda söyləyib.

Azərbaycan ilə Rusiya arasındakı strateji tərəfdaşlıq münasibətlərindən danışan diplomat ölkələrimizin bütün sahələrdə əlaqələrinin uğurla inkişaf etdiyini vurğulayaraq deyib: “Bu il həm Azərbaycanda, həm də Rusiyada seçkilər ilidir. Seçkilər bizim cəmiyyətlərin və ölkələrimizin həyatının bir hissəsinə çevrilib. Vaxt keçdikcə insanlar seçkilərdə iştirak etmələrinin vacibliyini vətəndaşlıq borcu kimi dərk edirlər. Rusiya mənim üçün önəmli ölkədir. Həyatımın böyük bir hissəsi Moskvada keçib. Ona görə də hamını seçkilərdə fəal iştirak etməyə çağırmağı özümə borc bilirəm. Əminəm ki, müdrik Rusiya xalqı düzgün seçim edəcək”.

Universitetin rektoru Vaqif Bayramov ölkədə seçicilərin əksəriyyətinin gənclərin təşkil etdiyini, universitet tələbələri arasında ilk dəfə prezident seçkilərində səs verəcək gənclərin də olduğunu bildirib. Rektor vurğulayıb ki, bu gənclər seçkilərdə iştirak edərək öz gələcəklərinə səs verəcəklər.

Professor Sergey Kandıboviç bu il Rusiyada keçiriləcək prezident seçkilərində 7 milyon gəncin ilk dəfə səs verəcəyini diqqətə çatdırıb.

Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) İdarə Heyətinin üzvü Emin Hacıyev gənclərin seçkilərdə iştiraka hazırlığının vacibliyini vurğulayıb. O, RAGB üzvü olan gəncləri seçkilərdə fəal olmağa çağırıb.
Sonra universitetin tələbələri Rusiyada keçiriləcək prezident seçkiləri ilə bağlı məruzələrlə çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...