Elxan Şahinoğlu: “Kreml Türkiyə prezidentinin nəbzini yoxlamaq istəyirdi” ŞƏRH

“Bəşər Əsəd Moskvanın marionetkasıdır, bunun bariz nümunəsini Rusiya prezidenti Vladimir Putinin Suriyaya səfəri zamanı da müşahidə etdik”. Bunu SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, birincisi, Putinin təyyarəsi Dəməşqə yox, Rusiyanın hərbi bazasına endi və Suriya prezidenti Bəşər Əsədi həmin bazaya gəlib ona qarşılamağa məcbur oldu: “İkincisi, Putin mikrafona yaxınlaşıb hərbçilərini salamlayarkən rusiyalı sıradan bir zabit Suriya prezidentinin qolundan tutaraq Putindən aralı dayanmağı əmr etdi. Bunları nəyə görə xatırlayıram?

Fikrimcə, Afrində kürdləri Bəşər Əsədə bağlı güclərlə əvəz edilməsi ideyası Suriya rejiminə deyil, Moskvadakı dərin dövlətə aiddir. Kreml bununla Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğanın nəbzini yoxlamaq istəyirdi. Təsadüfi deyil ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıqlamasında dedi ki, Afrin məsələsində Ankara ilə Dəməşq razılığa gəlməlidirlər(?!). Ərdoğan qorxmadı, onun “Afrində Bəşər Əsədin qüvvələri olsa belə şəhərə daxil olacağıq” deməsi Kremli Əsədə “stop” əmri verməsi ilə nəticələndi. Afrinə daxil olmaq istəyən Əsəd gücləri Türkiyə ordusunun ilk xəbərdarlıq atəşindən sonra geri çəkildilər. Türkiyə bu bölgəyə uzun müddətə gəlib”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə