"Xalqımız 20 yanvar faciəsinin qurbanlarını heç vaxt unutmayacaq" MÜNASİBƏT

"20 Yanvar faciəsindən 28 il keçməsinə baxmayaraq, xalqımız hər il 20 yanvarda ölkəmizin milli azadlığı və müstəqilliyi uğrunda öz canlarından keçmiş şəxslərin xatirəsini anılır, məzarlarına tər qərənfil qoymaqla yad edilir". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

O bildirib ki, Azərbaycanda azadlıq uğrunda birləşərək hökumətə etirazını bildirmək üçün küçəyə çıxmış əli yalın insanları SSRİ rəhbərliyinin göstərişi ilə təpədən dırnağa qədər silahlanmış ordusu vasitəsilə 1990-cı ilin 20 yanvarında güllə baran edilərək qətlə yetirilib: "20 yanvar hadisələrin müstəqilliyimiz əldə edilməsində rolundan danışanda qeyd etmək istəyirəm ki, məhz Azərbaycanda baş verən hadisələrdən sonra SSRİ maşını çalxalanmağa başlandı. Etiraz dalğası bütün SSRİ miqyasına dağıldı və demək olar ki, 20 yanvar faciəsi SSRİ də birləşən 15 müttəfiq respublikasının müstəqilliyi əldə edilməsinin bünövrəsində dayanır. Amma çox təəssüf ki, bu faciə bizim başımıza gəldi. Qalan respublikalar isə sovet maşını dağılandan sonra avtomatik öz müstəqilliklərinə qovuşdular. Ona görə də xalqımıza qarşı törədilmiş 20 yanvar faciəsini keçmiş Sovet İttifaqının bütün vətəndaşları qeyd etməlidirlər".

A.Badamov əlavə edib ki, xalqımız milli azadlıq uğrunda canlarından keçmiş 20 yanvar faciəsinin qurbanlarını heç vaxt unutmayacaq.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə