“ATƏT-in media institutu iş üsulunu dəyişməlidir” RƏYLƏR

Xəbər verildiyi kimi ATƏT-in media ofisinin rəhbəri Arlem Dezir Azərbaycanda söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin vəziyyəti ilə bağlı qərəzli, qeyri-obyektiv fikirlər irəli sürüb. Azərbaycanda monitorinq aparmadan bu cür fikirlərin irəli sürülməsi nə dərəcədə doğrudur? SİA bununla bağlı media kapitanlarının fikirlərini öyrənib.

"Bu məsələdə də ikili standartların nəticələri görülməkdədir"

“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev: “ATƏT-in media institutu eləcə də media ilə bağlı məşğul olan bütün beynəlxalq instansiyalar Azərbaycanla bağlı apardığı işin metodikasını dəyişməlidirlər. Çünki onlar illər öncə Azərbaycandakı vəziyyətlə bağlı hansısa qeyri-hökumət təşkilatının və ya ekspertin reallığa uyğun olmayan, yanlış, subyektiv fikirləri bu gün də əsas mənbə kimi götürülür və onlara istinad edirlər. Bu təşkilatlar təəssüf ki, Azərbaycanda monitorinq aparmadan yanlış fikirlər bildirir, mövqe nümayiş etdirirlər. Bununla onlar həm Azərbaycanla münasibətləri korlayır, həm də ictimaiyyətin gözündə hörmətdən düşürlər. Düşünürəm ki, həm beynəlxalq təşkilatlar həm də ATƏT-in media azadlığı institutu Azərbaycana yanaşma üsulunu dəyişməlidir. Kimlərinsə yanlış fikirlərinə, rəylərinə istinad etmək yox, özləri gəlib birbaşa Azərbaycanda monitorinq aparıb, onun nəticələrinə uyğun çıxış etməlidirlər. Çox təəssüf ki, bəzi ölkələrdə insan haqları, media azadlıqları ilə bağlı vəziyyət həddindən artıq pis olmasına baxmayaraq, onlar haqqında fikir irəli sürülmür. Bu məsələdə də ikili standartların nəticələri görülməkdədir. Əlbəttə, bu, pis haldır. Bütün ölkələrə münasibət eyni olmalıdır. Bu baxımdan həmin təşkilatlara Azərbaycanla iş üsulunun dəyişdirilməsi tövsiyə olunur".

"Bu cür təşkilatlar monitorinq aparmadan, qeyri-obyektiv sənədlər ortaya qoyurlar"

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı: “Nədənsə, ATƏT-in media azadlığı institutu və digər beynəlxalq təşkilatlar Azərbaycanda medianın vəziyyətini konkret araşdırmır, hər il kimlərinsə maraqlarına müdafiə edən hazır bəyanat və rəylərdən istifadə edirlər. ATƏT-in media azadlığı ofisinin bu dəfəki bəyanatına nəzər salsaq, onun ötən ildəkinin eyni olduğunu görərik. Bu cür təşkilatlar özlərini əziyyətə salmaq istəmir, araşdırmadan, yerlədə monitorinq aparmadan, jurnalistlərin, baş redaktorların, ictimaiyyətin fikirlərini öyrənmədən qeyri-obyektiv sənədlər ortaya qoyurlar. Azərbaycanda azad söz, fikir azadlığı var. Azərbaycan xalqının 80 faizindən çoxu internetdən istifadə edir. Bu gün Azərbaycanda internet mediası kifayət qədər inkişaf edib. Bir insana məxsus bir neçə sayt var. Belə olan halda, media azadlığı necə pozula bilər? Bütün bunları nəzərə alaraq deyə bilərik ki, ölkəmizlə bağlı səslənən fikirlər tamamilə haqsızdır və obyektivlikdən kənardır”.

"ATƏT-in media ofisinin bazası olmayan monitorinqləri obyektiv hesab oluna bilməz"

“Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev: “ATƏT-in media azadlığı ofisinin rəhbəri Arlem Dezirin Azərbaycanda söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin vəziyyəti haqqındakı fikirləri birmənalı şəkildə qərəzlidir. Birincisi, bu gün Arlem Dezirin yaşadığı Avropada, bütövlükdə Qərb cəmiyyətinin özündə kütləvi informasiya vasitələri müxtəlif dairələrin ciddi təzyiqi altındadır və sifarişli yazılar, televiziya verilişləri saysız-hesabsızdır. Bu yaxınlarda belə təzyiqlərə dözməyib vəfat edən alman jurnalist Udo Ulfkotte ölümündən əvvəl yazırdı ki, Qərb cəmiyyətində artıq insanlar mətbuat və televiziyalara inanmırlar. Amerikanın ən məşhur qəzet və telekanalları belə prezident Trampın ciddi tənqidinə məruz qalıb. Tramp onları ona görə tənqid edir ki, bu KİV-lər sifarişlə işləyirlər. Deməli bu KİV-lər sərbəst deyillər, elə isə Qərbdə media azadlığından necə danışmaq olar. Bir neçə gün əvvəl məşhur Fransa aktyoru Alen Delon etiraf etdi ki, Qərb cəmiyyətində hər şey saxtadır. Təbi ki, bu fikir media sahəsinə də aiddir, çünki aktyorlar media ilə sıx bağlı olurlar. Odur ki, ATƏT-in media ofisinin rəhbəri yaxşı olar ki, özlərindəki media azadlığının hansı səviyyəyə enməsi problemləri ilə məşğul olsun.

İkincisi isə, Azərbaycanda medianın elə də ciddi problemləri yoxdur. Bütün nöqsanlarımızı, çatışmazlıqlarımızı tənqid edə bilirik. İnternet, sosial şəbəkələr tamamilə sərbəstdir, kim nə istəyirsə onu da yaza bilir. Əksinə, biz onlayn media sərbəstliyindən bir qədər əziyyət çəkirik, haqsız fikirlər baş alıb gedir. Odur ki, ATƏT-in media ofisinin yoxlanmamış, bazası olmayan monitorinqləri obyektiv hesab oluna bilməz”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə