Sədr müavini: “Artıq 95 nəfər məsuliyyətə cəlb olunub”

"Müharibə zonalarında qalan azərbaycanlı uşaqların vətənə qaytarılması üçün Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə aidiyyəti qurumlarla işlər görülür. Artıq 20-yə yaxın azərbaycanlı uşaq düşərgələrdə müəyyənləşib və onların Azərbaycana gətirilməsi istiqamətində işlərə başlanılıb". SİA-nın verdiyi məlumata görə, bunu bu gün jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov deyib.

Sədr müavinin sözlərinə görə, həmin uşaqların valideynləri münaqişələrdə dünyalarını dəyişib: "Təbii ki, ilk növbədə, onlar müayinədən keçirilməlidir. Onların nə zaman ölkəyə gətirilməsi İşçi Komissiyasının işindən asılıdır. Məlumatlar var ki, uşaqların sayı 20-dən çoxdur. Ona görə də sayın dəqiqləşdirilməsi və hamısının ölkəyə gətirilməsi üçün işlər həyata keçirilir".

S.Heydərov bildirib ki, bu günə qədər 900-ə yaxın Azərbaycan vətəndaşı münaqişəyə qoşulmaq üçün İraqa və digər ölkəyə gedib: "Onlardan 300-ə yaxını münaqişələrdə vəfat edib. 205 nəfərin Azərbaycan vətəndaşlığı ləğv olunub, 95 nəfər artıq məsuliyyətə cəlb olunub. Həmin ərazilərdə və ya üçüncü ölkədə gizlənən vətəndaşlarımız barədə də məlumatlar var. Onların da müəyyənləşdirilməsi və məsuliyyətə cəlb olunması istiqamətində müvafiq tədbirlər görülür".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə