Azərbaycana xəyanət edən satqınların Moskvada özünə yer tapması təəssüf doğurur

“Azərbaycan-Rusiya münasibətləri tarixi köklərə malikdir. Bu gün ölkələrimiz arasında bütün sahələri əhatə edən yüksək səviyyəli əlaqələr mövcuddur. Bu münasibətlər hər iki ölkənin dövlət başçılarının siyasi iradəsi və qətiyyəti nəticəsində inkişaf edir, daha da genişlənir. Azərbaycan və Rusiya regional miqyasda və beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birilərini dəstəkləyir, qarşılıqlı maraqlar çərçivəsində əməkdaşlıqlarını davam etdirirlər. Lakin bəzi hallarda bu münasibətlərə kölgə salmağa cəhd edən “qüvvələrin” “aktivləşməsini” müşahidə edirik. Rusiyadakı bəzi qərəzli və ermənipərəst dairələr ölkəmizin milli maraqlarına zidd fəaliyyət göstərirlər və təəssüf ki, rəsmi Moskva buna heç bir reaksiya vermir". Bu fikirləri SİA-ya YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

YAP Siyasi Şurasının üzvü bildirib ki, Azərbaycan heç vaxt Rusiyaya qarşı çıxan tərəflər üçün meydan olmayıb: “Azərbaycan və Rusiya terrorizmə qarşı mübarizədə birgə fəaliyyət göstərirlər. Mediamız və vətəndaş cəmiyyəti institutlarımız da hər zaman Rusiyanın milli maraqlarına zidd mövqe tutmaqdan çəkiniblər. Çox təəssüf ki, eyni münasibəti Rusiyanın təsirində olan bəzi KİV və vətəndaş cəmiyyəti qurumlarına aid etmək olmaz. Bu isə ölkələrimiz arasındakı əlaqələrin ruhuna ziddir. Belə ki, Azərbaycan dövlətinə xəyanət edən Fəxrəddin Aboszadə və Zabil Məhərrəmov kimilərdən istifadə edən erməni xüsusi xidmət orqanları ölkəmizə qarşı təxribatlar həyata keçirirlər. Rusiyaya sığınan F.Aboszadə erməni xüsusi xidmət orqanlarının və Rusiyanın bəzi dairələrinin tapşırığı ilə fəaliyyət göstərir. Z.Məhərrəmov da Moskvada öz təxribatçı planlarını həyata keçirir. Vətənə xəyanət edən satqın Z.Məhərrəmovun “bizim qardaşlarımız türklər yox, ermənilərdir. Ermənistan bizim pənahımızdır” sərsəm bəyanatı onun iç üzünü bir daha nümayiş etdirir. Sadəcə Azərbaycan əleyhinə yönələn bu cür satqın və təxribatçı şəxslərin Moskvada özünə yer tapması təəssüf doğurur.”

“İki sahil” qəzetinin baş redaktoru qeyd edib ki, Azərbaycan öz ərazisində Rusiya əleyhinə olan hər hansı bir fəaliyyətə dərhal reaksiya verdiyi kimi, qonşu ölkədən də eyni münasibəti gözləyir: “Aydın şəkildə görünür ki, bu cür təxribatlar ermənilər tərəfindən həyata keçirilir. Rəsmi Moskva isə Azərbaycanın bu məsələlərdə xüsusilə həssaslığını nəzərə almalı və belə təxribatçı əməllərə qarşı adekvat addımlar atmalıdır.”

Bütün xəbərlər Facebook səhifəmizdə