Tikintidə çalışanların pensiya yaşının dəyişdirilməsi təklif olunur

“Azərbaycanda pensiya sisteminə keçidlə bağlı MDB ölkələri ilə müqayisədə mühüm addımlar atılıb. Amma buna baxmayaraq müəyyən məsələlər qalmaqdadır. Belə ki, Azərbaycanda ağır işdə çalışanların pensiya yaşının digərləri ilə eyni olması narahat edicidir”. SİA-nın xəbərinə görə, bunu millət vəkili Siyavuş Novruzov parlamentdə büdcə müzakirələri zamanı çıxış edərkən deyib.

Onun sözlərinə görə, ölkəmizdə pensiyaya çıxan zaman ağır işlər silsiləsi qeyd olunanda əsasən kimyəvi zavodlar və digər yerlər nəzərdə tutulur: “Bu da işləyənlərin 2-3 faizini əhatə edir. Lakin elə sahələr var ki, onlar ağır nəzərdə tutulmayıb. Bildiyiniz kimi bizdə pensiya yaşı 65-dir. Belə olan halda, kiminsə 63 yaşı varsa və onun tikintidə işləmək gücü yoxdursa. Necə kubik daşıyıb, asfalt tökməlidir? Məhz buna görə də belə insanlar müəyyən yollarla əlillik alıb pensiyaya çıxırlar. Bu baxımdan bu cür kateqoriyalı insanların siyahısı hazırlanmalıdır. Azərbaycanda tikinti sektorunda çalıanların hansı pensiya yaşında çıxmağı müəyyənləşməlidir. Müəllimlər, alimlərlə birgə tikintidə işləyənlərə eyni pensiya yaş həddini qoymaq düzgün deyil. Bu təbəqənin hüquqlarını qorumalıyıq. Digər ölkələrdə 25 il bir yerdə çalışanların pensiyaya çıxmaq hüququ var”.

Deputat çıxışı zamanı ünvanlı sosial yardımlarının əvəzinə müəyyən biznes və ya fermer təsərrüfatarın açılması maliyyənin ayrılmasının düzgün olduğunu dilə gətirib: "Biz insanları ələ baxımlılıq sistemindən uzaqlaşdırmalıyıq. Onlar özləri çalışıb pul qazamalıdırlar. Əks halda bunun effetiv nəticəsi olmayacaq".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə