Deputatlar Milli Məclisə ayrılan vəsaitin az olduğunu bildirdilər

Milli Məclisin bu gün keçirilən iclasında deputatlar büdcədən parlamentə ayrılan vəsaitin artırılmasını təklif ediblər. SİA-nın məlumatına görə, Millli Məclisin 2018-ci il üzrə büdcə müzakirələri zamanı deputat Qüdrət Həsənquliyev bildirib ki, parlamentdə 125 deputat var, onlar xarici ölkələrdə təşkilatlarda təmsil olunur. Deputat qeyd edib ki, buna baxmayaraq, Prezident Adminsitrasiyasının saxlanılmasına Milli Məclisdən 4 dəfə artıq vəsait ayrılıb: “Milli Məclis hakimiyyətin müstəqil qoludur. İndi bilmək istəyirəm ki, fərq nə ilə bağlıdır? Onlar daha çox ezamiyyətə gedir, yoxsa necə? Bu qədər fərq çox təəccüblüdür”.

Daha sonra çıxış edən deputat Zahid Oruc da da parlamentə ayrılan vəsaitin azlığından şikayət edib. O qeyd edib ki, parlamentin iclas zalında avadanlıqların yeni texnologiyalarla əvəzlənməsi üçün maliyyə ayrılması lazımdır: “Nazirlər Kabientinin, Prezident Adminsitrasiyasının sürücüləri Milli Məclisin sürücülərindən çox maaş alır. Xahiş edirəm bizim sürücülər də nəzərə alınsın. Bu fərq aradan qaldırılsın”.

Milli Məclisin deputatı Musa Quliyev də çıxışı zamanı parlamentin beynəlxalq fəaliyyətinin düzgün şəkildə aparılması üçün ezamiyyə xərclərininin artırılması ilə bağlı fikirklərini bildirib: "Büdcəni biz təsdiq edirik. Ona görə də hökumətdən xahiş edirik ki, ezamiyyə xərclərini artırsın. Son 3 ildə çox böyük əziyyətlər çəkirik. Biz beynəlxalq təşkilatlara gəzmək üçün getmirik. Ermənilərin təxribatlarının qarşsıınmı almağa, Azərbaycaa qarayaxma kampaniyası aparanlarla mübarizə aparmağa gedirik. Bu istiqamətdə parlamentin dostluq qruplarının çox böyük əhəmiyyəti var. Dost olarkən gərək gedərsən, gələrsən, münasibət qurasan. Biz heç onları bəzən layiqincə qarşılaya bilmirik. Bir də rayonlara vətəndaşlarla görüşə gedərkən ya maşın çatışmamazlığından, ya da yanacaq çatışmamazlığından istifadə edə bilmirik. Qanunda da bu göstərilin.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə