Siyasi şərhçi: “Bako Saakyanın Fransaya səfəri yolverilməzdir”

“ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri olan Fransaya Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qanunsuz rejimin təmsilçisi kimi özünü təqdim edən Bako Saakyan adlı şəxsin səfəri yolverilməzdir”. Bu fikirləri SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, politoloq Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, əvvəla bu, Fransanın statusuna tamamilə uyğun gəlmir: “Yəni bu atılan addımlar və Bako Saakyan kimi bir separatçının Fransada hər hansı bir formada qarşılanması və qəbul edilməsi qəbuledilməzdir. Bu nə Fransanın BMT Təhlükəsizlik Şurasının üzvü kimi daşıdığı mandata, nə də ATƏT-in Minsk Qrupunun həmsədri kimi funskiyalarına uyğun deyil. Təbii ki, Fransadan bu addımı gözləmək olardı. Fransada erməni diasporunun fəaliyyəti hər kəsə bəllidir. Fransa prezidentlərinin də ətrafında hər zaman erməni diasporunun nümayəndələri olub. Təsadüfi deyil ki, Fransa prezidenti hər dəfə Ermənistanı Fransanın kiçik bacısı epiteti ilə şərəfləndirirlər. Bu aspektdən də təəccüblü heç bir şey görmürəm. Amma bu addımlar təkcə Azərbaycanın ərazi bütövlüyünə münasibətdə nümayiş etdirilən ikili standartlar baxımından deyil, bütövlükdə separatizmin təbliği baxımından çox təhlükəlidir.

Avropa İttifaqının aparıcı dövlətlərindən biri olan İspaniyada baş verən Kataloniya hadisələri Fransanın üçün də nəticə çıxarmağa imkan yaratmalı idi. Çünki Fransanın özünün də ayrıca subyektləri var ki, onlarda etnik baxımından fərqli qruplara aiddirlər. Mütəmadi olaraq da həmin qrupların ayrı-ayrı nümayəndələri tərəfindən Fransadan ayrılmaq barədə fikirlər səsləndirilir. Əslində belə davranışlar, addımlar separatizmin stimullaşdırılmasıdır ki, bu da son dövrlərdə Şimali İraqda, Kataloniyada baş verən olaylar baxımından nə qədər təhlükəli olduğu göz qabağındadır. Belə olduğu təqdirdə Fransanın davranışları təkcə onun BMT Təhlükəsizlik Şurasının üzvü kimi missiyasına və prinsiplərinə deyil, eyni zamanda beynəlxalq hüquq normalarına, Avropa İttifaqının özünün mövcudluğuna və bütövlükdə Fransanın özünün də unitar bir dövlət kimi gələcəkdə mövcud olmasına problemlər yarada bilər. Bu çox ciddi bir problemdir. Məsələyə təkcə işğal altındakı Azərbaycan torpaqlarında formalaşdırılan separatçı rejimin qondarma təmsilçisinin qarşılanması kontekstindən yanaşmaq doğru olmazdı”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə