YAP Azərbaycanın siyasi həyatında ümid çırağı yandırdı AÇIQLAMA

"Yeni Azərbaycan Partiyasının keçdiyi 25 illik şərəfli yol yüz minlərlə insanı ətrafında birləşdirən, üzvlərinin sayı 700 min nəfəri ötən partiyanın fəaliyyətində müstəsna yer tutur. YAP-ın yaranması həmçinin ölkəmizin müasir siyasi tarixində ən mühüm hadisələrdən biri kimi səciyyələnir". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Sona Əliyeva deyib.

YAP-ın Azərbaycanın ciddi sınaqlara məruz qaldığı bir dövrdə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yarandığını deyən deputat söyləyib ki, Partiyanın yaranması, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin partiyaya Sədr seçilməsi zəruri tarixi hadisə idi: "Bildiyiniz kimi ötən əsrin 80-ci illərinin sonlarından etibarən Azərbaycanın üzləşdiyi böhran və təhlükələr xalqın sabaha olan ümidlərini demək olar ki, qırmışdı. Ermənistanın Dağlıq Qarabağdan başladıqları işğalçılıq siyasəti, keçmiş sovetlər ittifaqı rəhbərliyinin antiazərbaycan mövqeyi, yerli rəhbərliyinin xəyanətkarlığı vəziyyəti daha da mürəkkəbləşdirirdi. Belə bir şəraitdə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan tarixində öz üzərinə böyük missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı. Azərbaycançılıq ideyalarının möhkəm təməli üzərində yaranan Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi həyatina yeni nəfəs verdi, Azərbaycanın siyasi həyatında ümid çırağı yandırdı".

S.Əliyeva söyləyib ki, qazanılan uğurlarla yanaşı Yeni Azərbaycan Partiyasının qarşısında yeni vəzifələr də dayanır: "Bu vəzifələrin ən başlıcası Ümummilli Lider Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanı daha da inkişaf etdirmək, onun regionun və dünyanın qüdrətli dövlətləri sırasında liderliyini qorumaqdadır. Yeni Azərbaycan Partiyası bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə Ümummilli lider Heydər Əliyevin ideyalarını, məqsəd və məramlarını rəhbər tutaraq Azərbaycanın çiçəklənməsinə və dövlətçiliyimizin qüdrətlənməsinə böyük töhfələr verəcək".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə