DSX uğurlu əməliyyatını davam etdirir

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən Xəzər dənizinə çıxan üzmə vasitələrinə nəzarətin təşkili və xilasetmə tədbirlərinin həyata keçirilməsi davam etdirilir. Dövlət Sərhəd Xidmətindən SİA-ya verilən məlumata görə, 17 noyabr 2017-ci tarixdə DSX Sahil Mühafizəsinin “Pirallahı” sahil nəzarəti məntəqəsinin əməkdaşları tərəfindən xidməti əraziyə baxış keçirilərkən “PR-1960” bort nöm­rəli balıqçı qayığının yanalma körpüsündə olmaması aşkar edilib.

Hava şəraitinin kəskin dəyişəcəyi nəzərə alınaraq, həmin qayıqda dənizə çıxmış balıqçıların xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər görülmüş, balıqçı qayığının gecə saatlarında Çilov adasının qərb reydində köhnə dirəyə çırpılması müəyyən olunub.

Axtarış-xilasetmə tədbirləri nəticəsində icazəsiz olaraq dənizə çıxmış balıqçılar Pirallahı rayon sakinləri Qurbanov Arif Umud oğlu və Məlikov Ramiz Tofikoviç suda olan dirəyin üzərində aşkar olunmuş və 18 noyabr 2017-ci ildə saat 13:20 radələrində xilas edilərək sahilə təxliyyə olunublar.

DSX Sahil Mühafizəsinin sərhəd gözətçi gəmisi tərəfindən də­nizdə yarıbatmış vəziyyətdə olan “PR-1960” bort nömrəli balıqçı qayığı da aşkarlanaraq sahilə çıxarılıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə