Penitensiar xidmətdə 18 Oktyabr - Müstəqillik Günü qeyd edilib

Ədliyyə Nazirliyi Penitensiar xidmətində 18 oktyabr – Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə toplantı keçirilib.

SİA-nın verdiyi məlumata görə, Penitensiar xidmətin Baş idarəsinin şəxsi heyətinin iştirakı ilə təşkil olunmuş iclasda Penitensiar xidmətin rəis müavini, ədliyyə polkovniki Məhərrəm Qafarov Müstəqillik Günü münasibətilə xidmət rəhbərliyi adından toplantı iştirakçılarını təbrik edib.

Azərbaycanın bu günə kimi keçdiyi inkişaf yoluna nəzər salınaraq ötən əsrin 90-cı illərinin əvvəllərində dövlət müstəqilliyinin bərpası mühüm hadisə kimi dəyərləndirilib. Müstəqilliyimizin möhkəmlənməsində Ümummilli Lider Heydər Əliyevin xidmətləri xüsusilə vurğulanıb, bu dahi şəxsiyyətin rəhbərliyi altında Azərbaycanın tarixi nailiyyətlərə imza atdığı qeyd edilib.

Tədbirdə iştirak edən AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun Qarabağ tarixi şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Qasım Hacıyev çıxışında bu gün Azərbaycanda müstəqil dövlətçilik ənənələri formalaşdırıldığını və şübhəsiz ki, bu mühüm nailiyyətin əldə edilməsində Ümummilli Lider Heydər Əliyevin fədakar xidmətlərinin müstəsna əhəmiyyətini vurğulayıb. Bildirilib ki, ölkə başçısının həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilmiş, iqtisadiyyatın dayanıqlı inkişafı təmin edilib, dövlətimiz beynəlxalq aləmdəki yerini möhkəmləndirmiş və dünya miqyasında söz sahibi olub. Ulu öndərimizin uzaqgörən siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyi vurğulanıb.

Toplantının sonunda əməkdaşlara Azərbaycanın keçdiyi tarixi inkişaf yolundan bəhs edən sənədli film nümayiş etdirilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə