Politoloq: "Danışıqların davam etdirilməsi üçün ortaya nəsə qoyulmalıdır" AÇIQLAMA

“Ötən gün Cenevrədə baş tutan görüşdə prezidentlər danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməyə və təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa razılaşıblar. Düşünürəm ki, Ermənistan buna yenə də əməl etməyəcək”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Ortada heç bir nəticənin olmadığını deyən politoloq bildirib ki, növbəti addım kimi həmsədrlər xarici işlər nazirləri ilə yaxın gələcəkdə işçi görüş keçirəcəklər: "Danışıqların davam etdirilməsi üçün həmsədrlər ortaya nəsə qoymalıdırlar. Bildiyiniz kimi Ermənistan uzun müddət idi ki, danışıqlardan yayınırdı. Düşmən ölkə danışıqlar masasına Rusiya və digər ölkələrin təzyiqi ilə qayıtdı. Amma buna baxmayaraq, Ermənistan danışıqlara yenə də danışıqlar xatirinə gəlmişdi. Danışıqların bundan sonra davam etməsi isə ciddi sual altındadır”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyan Cenevrədə İsveçrə zirvə görüşü keçiriblər.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin və ATƏT-in Minsk qrupunun həmsədrlərinin görüşlə bağlı birgə bəyanatında qeyd olunur ki, görüş konstruktiv mühitdə keçib. Belə ki, prezidentlər danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməyə və təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa razılaşıblar. Həmsədrlər çox uzun fasilədən sonra baş tutan bu birbaşa danışıqlardan razılıq ifadə ediblər. Onlar Dağlıq Qarabağ münaqişəsinin danışıqlar vasitəsilə sülh yolu ilə həlli üçün tərəflərlə işləməyə hazır olmaqda qalırlar. Növbəti addım kimi həmsədrlər xarici işlər nazirləri ilə yaxın gələcəkdə işçi görüş keçirəcəklər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə