Cəlil Xəlilov: “Erməni iqtidarı hakimiyyəti itirmək təhlükəsi ilə üzləşib” MÜNASİBƏT

“Rusiya ilə Ermənistan arasında 2015-ci il noyabrın 26-da əldə olunmuş razılaşmaya əsasən, bu ölkəyə müasir silahlar almaq üçün daha 100 milyon dollar güzəştli kredit ayırması təcavüzkarın silahlandırılması istiqamətində yeni addım olmaqla, bölgədə sülhün və əmin-amanlığın bərpasına ciddi maneədir. Bu addım, həmçinin Avropada Adi Silahlar haqqında Müqavilənin pozulması kimi qiymətləndirilə bilər”.

Bu fikirləri SİA-ya açıqlamasında Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib.

Respublika Veteranlar Təşkilatının sədr müavini deyib ki, hazırda iqtisadiyyatı Rusiyanın inhisarında olan Ermənistan nəinki indiyədək aldığı kreditləri, bu krediti də geri qaytarmaq iqtidarında deyil. Bütün bunlara baxmayaraq, Ermənistanın hər vasitə ilə silahlandırılması təcavüzkarlığın dəstəklənməsi, digər tərəfdənsə, mövcud rejimin ömrünün uzadılmasına rəvac verməkdir. Çünki 2016-cı ilin aprel döyüşlərindən sonra Ermənistan silahlı qüvvələrinin məğlubiyyətindən ciddi sarsılan və xalqın qəzəbindən qorxan erməni iqtidarı hakimiyyəti itirmək təhlükəsi ilə üzləşib.

Müxtəlif vaxtlarda təcavüzkar Ermənistana ən müasir silah və texniki vasitələr vermiş (həmin yardımların məbləği milyard dollarla ölçülür) Rusiyanın bu addımı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində tərəfsiz vasitəçilik missiyasını üzərinə götürmüş bir dövlətin mövqeyi ilə uyğun gəlmir. Bu münasibət Rusiya ilə Azərbaycan arasında ikitərəfli və MDB çərçivəsində əməkdaşlıqla da ziddiyyət təşkil edir. Bu baxımdan hələ 22 il əvvəl imzalanmış uzunmüddətli müqavilə əsasında Ermənistanda öz hərbi mövcudluğunu hərbi baza statusu səviyyəsinə qaldıran Rusiyanın hazırda həmin bazaların müasir silahlarla təchizatını NATO ilə cənub sərhədlərinin məhz Ermənistandan keçməsi ilə izah etməsi cəhdləri də inandırıcı görünmür.

“Ümumiyyətlə, Ermənistanın kredit adı altında silahlandırılması müdafiədən daha çox onun təcavüzkarlığına rəvac verilməsi məqsədi güdür. Bu addımların ardıcıl xarakter daşıması Azərbaycanın təhlükəsizliyinə əsaslı problem yaradır. Çünki həmin silahlardan sabah Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində, o cümlədən Dağlıq Qarabağda istifadə olunmayacağına kimsə zəmanət verə bilməz. Qərbin sanksiyalarına məruz qalmış Rusiya üçün silah satışı iqtisadi problemlərin həlli üçün çıxış yollarından biri sayılsa da, Ermənistana verilmiş silahların faktiki hədiyyə edildiyi şübhəsizdir. Çünki Ermənistanın iqtisadi potensialı bu kreditlərin ödənilməsinə heç vəchlə imkan vermir. Digər tərəfdən, bu birtərəfli münasibət regionun böyük dövləti olan Rusiyanın nüfuzuna da xeyir gətirmir”, - deyə ehtiyatda olan polkovnik vurğulayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə