Mərkəz sədri: “Ermənilərin avropalı olmadığı üzə çıxdı” AÇIQLAMA

“Qondarma Dağlıq Qarabağda qəflətən “prezident” seçkiləri keçirildi. Son konstitusiya islahatlarında aralıq prezident seçkisi nəzərdə tutulmamışdı. 2018-ci ildə növbəti prezident seçkisi keçirilməli idi. Serj Sərkisyan 2018-ci ildə Dağlıq Qarabağda prezident seçkisinə imkan verə bilməzdi. Ona görə məhz indi Bako Saakyanı yenidən prezident seçdirdi”. Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloqun sözlərinə görə, Serj Sərkisyan özü də bilmədən Qarabağ klanının içərisində əskəranlıların (DQMV-nın Əskəran rayonundan çıxanlar) mövqeyinin güclənməsinə şərait yaradıb: "Özünün Moskvadan dəvət edib Ermənistana baş nazir gətirdiyi Karen Karapetyan əskəranlıdır. Separatçı Dağlıq Qarabağın “baş naziri” A.Arutyunyan K.Karapetyanın qohumu, uşaqlıq dostu və əskəranlıdır.

General Vitali Balasanyan iki il bundan əvvələdək Dağlıq Qarabağda ən kəskin müxalifətçi idi. Prezident seçkilərində iştirakına görə ciddi cəzalandırıldı, bir müddət həbs olundu sonra ona sui-qəsd təşkil olundu. V.Balasanyan məşhur ifadənin müəllifidir: Qarabağ ermənilərinə rəhbərlik edənlər pis olduğuna görə 1923-cü ildə Qarabağ erməniləri referendumda səs verərək Azərbaycanın tərkibinə keçdilər.

General V.Balasanyanın bərpa aktivliyi “Sasna srer” hadisələri dövrünə düşdü. “Sasna srer”çilər V.Balasanyanı doğma qəbul etdiyi üçün S.Sərkisyanla öz adlarından danışmağa icazə verdilər. Nəticədə “Sasna srer”çilər həbsxanaya düşdülər. General V.Balasanyan isə Dağlıq Qarabağda “Təhlükəsizlik Şurasının” katibi vəzifəsinə təyin olundu. 2018-ci ildə bir əskəranlı (V.Balasanyan) Dağlıq Qarabağa digər əskəranlı (baş nazir K.Karapetyan) Ermənistana rəhbərlik edə bilər. Ona görə növbədən kənar seçkilər vasitəsilə Dağlıq Qarabağdakı seçkiləri 2018-ci ildən 2020-ci ilə keçirdi.

Dağlıq Qarabağdakı seçki şousu əməlli-başlı sirk oldu. Heç bir beynəlxalq təşkilat hətta ermənipərəst təşkilatlar da müsbət münasibət bildirmədilər. Ermənilərin demokratiyaya münasibəti ifşa olundu. Demokratiyaya münasibətdə ermənilərin də avropalı olmadığı üzə çıxdı".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə