Təranə Kərimova: "Müsavatla AXCP-nin bir-birinə pataloji nifrəti var" MÖVQE

"Kimsəyə sirr deyil ki, Müsavat və AXCP arasındakı qarşıdurmaların köklündə "ana müxaifət" adına sahib olmaq iddiası dayanıb. Çünki onlar məhz bu ada sahib olduqdan sonra guya hakimiyyətə yiyələnəcəklərini xəyal edirlər. Lakin fakt budur ki, bu və digər iddialar fonunda yaşanan Müsavat və AXCP ziddiyyətləri illərə söykənir". Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının Qadınlar Şurasının sədri Təranə Kərimova adıçəkilən partiyaların bir-birinin aksiyalarına qatılmamaları səbəblərini şərh edərkən deyib.

Partiya təmsilçisinin sözlərinə görə, hazırda hər iki partiya ictimai rəydə qaragüruhçu, dağıdıcı, xəyanətkar siyasi təşkilatlar kimi tanınır: "O cümlədən, bu partiyaların sədrləri arasında uzun illərdir ki, hərc-mərcliklər hökm sürür, AXCP sədri Əli Kərimlinin istər Müsavatın sabiq başqanı İsa Qəmbərə, eləcə də hazırkı sədri Arif Hacılıya pataloji nifrəti var. Həmçinin, sonuncuların da eynilə Əli Kərimliyə qarşı münasibətləri "Yurd" sədrinin ağlından keçməyəcək dərəcədə bərbaddır. Bu adamlar hətta bir illik hakimiyyətləri zamanı da bir-birlərinə qarşı hakimiyyətdaxili savaş elan etmişdilər. Əbəs yerə deyil ki, AXC 1992-ci ildə iqtidarı ələ keçirdikdən az sonra hakimiyyət daxilində hakimiyyəti təmsilı edən ikinci siyasi təşkilat - Müsavat partiyası İsa Qəmbərin rəhbərliyi altında yarandı. Bütün bunlar isə adıçəkilənlərin həmin illərdən üzü bəri bir miqdar da olsa dəyişilmədiklərinə olan sərraf işarədir".

""Milli Şura" yarandıqdan sonra da bu insanlar bir-birləri ilə yola getmədilər"-deyə xatırladan Təranə Kərimova qeyd edib ki, buna səbəb 2013-cü ilin prezident seçkilərində "vahid namizəd" məsələsində iddialarının təmin olunmaması olub: "Həmin vaxt Rüstəm İbrahimbəyovun namizədliyi məlum səbəblərə görə qeydə alınmadı və onun yerinə Cəmil Həsənli ehtiyat "vahid namiuzəd" kimi seçildi. İsa Qəmbər isə o zaman Müsavat başqanı kimi buna razı deyildi. O cümlədən, ortada digər iddialar da var idi ki, bütün bunların nəticəsində Müsavat partiya olaraq "Milli Şura" sıralarından çıxdı. Belə məqamlar isə birinci dəfə baş verməyib. Daha öncəki seçki proseslərində də blok və birliklərdə təmsil olunan cəbhəçilərlə müsavatçılar sonda bir-birlərini qəbul etməyərək, düşməncəsinə parçalanıblar".

YAP Səbail rayon təşkilatının Qadınlar Şurasının sədri son proseslərə də toxunaraq qeyd edib ki, bu gün aksiyalar və s. adlar altında ölkədəki ictimai-siyasi sabitliyi pozmağa çalışan xəyanətkarlar indi də Qərbin bəzi diplomatik nümayəndəliklərini özlərinə xilas missioneri kimi seçiblər: "Biz hələ avqust ayından etibarən mətbuatdan da gördük ki, AXCP, "Milli Şura", ReAL, "Ümid" partiyası və siyasiləşmiş QHT-lər Qərbin bir sıra ölkələrinin Azərbaycandakı səfirliklərində olublar, orada sifarişlərini qeydə aldıqdan sonra verilən təlimatları icra etməyə başlayıblar. Məhz həmin görüşlərdən sonra bunlar aksiyalar planlaşdırmağa başladılar. Təbii ki, həmin aksiyaların əsas marağı Azərbaycandakı mövcud sosial sabitliyi pozmağa yönəlib. Ancaq görünən budur ki, onların bu xəyalları heç vaxt baş tutmayıb, indi də eyni hal yaşanacaq. Radikal təfəkkürə malik olan və bir-birləri ilə dididşən qaragüruhçular zümrəsi belə davam edərlərsə, öz dövlətini, dövlətçilik maraqlarını müdafiə edən böyük xalq kütləsinin hiddətinə, qəzəbinə tuş gələcəklər. Nə qədər ki, gec deyil, ağıllarını başlarına toplayıb, xəyanətkar, satqınçılıq siyasətlərindən əl çəksinlər. Çünki sonra onlar üçün çox gec ola bilər və belələri sağlam düşüncəli ictimai rəyin ittihamlarından yaxa qurtarmağı bacara bilməzlər".

Təranə Kərimova əlavə edib ki, Azərbaycan xalqı inkişafın, tərəqqinin və yüksəlişin yanındadır: "Bunun üçün xalqımız daim dövlət rəhbərliyinin, ölkə başçısının ətrafında sıx birləşib, vəhdət təşkil edib. Bu vəhdəti isə heç bir daxili və xarici qüvvələr poza bilməz".

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə