Qaraxurlular alternativsiz LİDERİ seçəcək

Yeni Azərbaycan Pariyası Mərkəzi Seçki Qərargahının Suraxanı rayon şöbəsi 11 aprel tarixində keçiriləcək prezident seçkilərində YAP tərəfindən namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüşünü Qaraçuxur qəsəbə sakinləri ilə keçirib. Görüşdə 400 nəfərdən artıq seçici iştirak edib.

Tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov 11 apreldə keçiriləcək prezident seçkilərində əhalini fəal olmağa səsləyib. V.Seyidov siyasi baxışlarından asılı olmayaraq, hər kəsin birmənalı olaraq qəbul etdiyi reallığın Azərbaycanın müstəqilliyinin ilk illərində üzləşdiyi problemlərin həlli və bütün sahələrdə vüsət alan inkişaf Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı və ölkəyə rəhbərliyi sayəsində mümkün olduğunu qeyd edib: «Ulu Öndərin fəaliyyəti bütünlükdə Azərbaycanın dövlətçilik maraqlarının təmin edilməsinin üzərində qurulduğundan bu siyasi kursun davam etdirilməsi bütün prezident seçkiləri zamanı cəmiyyətdən gələn sosial sifariş kimi meydana çıxıb. Elə bunun nəticəsidir ki, Azərbaycan xalqı hələ 2003-cü ildən bəri keçirilən prezident seçkilərində Heydər Əliyev siyasi məktəbinin ən layiqli yetirməsi olan İlham Əliyevin namizədliyini dəstəkləməklə, Ulu Öndərin siyasi xəttinin davam etdirilməsinə tərəfdar olduğunu birmənalı şəkildə ortaya qoyub. Necə ki, 2003-cü ildə biz alternativsiz liderimizi seçərək onu ölkəmizə rəhbər təyin etdik, elə bu gün də hesab edirəm ki, yenidən ən layiqli namizədə səsimizi verəcəyik».

Milli Qəhrəman Cavanşir Rəhimovun anası Lalə Rəhimova çıxışında ölkədə şəhid ailələrinə göstərilən diqqət və qayğıdan bəhs edib və yenidən hər kəsi əmin amanlığımız naminə, gələcək uğurlarımız naminə bütün sakinləri Cənab İlham Əliyevə səs verməyə səsləyib.

Milli Məclisin deputatı Ağacan Abiyev çıxışında Azərbaycanın yeni dövrünün iqtisadi inkişaf strategiyasına, çevik və işlək mexanizmlər üzərində həyata keçirildiyi, proqressiv islahatlara əsaslanan siyasətə səs verməyə çağırdı. Deputat qeyd etdi ki, iqtisadiyyatda müşahidə olunan müsbət meyilləri möhkəmləndirmək və daha da inkişaf etdirmək, həmçinin sosial sahədə qarşıda duran problemlərin həllini sürətləndirmək məqsədi ilə Cənab İlham Əliyevin təsdiq etdiyi bütün proqramların davamlı olacağına inanaraq, suraxanlıları Yeni Azərbaycan Partiyasının namizədinin ətrafında sıx birləşməyə çağırdı.

Azərbaycan Respublikasının «Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi», idman ustası Hicran Şərifov bildirib ki, Azərbaycanı beynəlxalq arenada tanıtdıran, inkişafın Azərbaycan modelini dünyaya bəyan edən Cənab İlham Əliyevin siyasi kursunu dəstəkləməyə hər kəsi çağıraraq, işıqlı gələcəyə səs verməyə dəvət edib.

Digər çıxış edənlər Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdən bu günə kimi Azərbaycanın iqtisadi həyatında yeni bir dövrün olduğunu, ölkənin iqtisadi həyatı ilə bağlı yeni mənzərənin meydana çıxdığını bildiriblər. Bu dövrdə ölkədəki inkişaf və baş verən yeniliklərin prinsipləri Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş bütün konsepsiyalar uğurla davam etdirilməklə

yanaşı, müasir dövrün tələbləri qarşısında bəzi keyfiyyət dəyişiklikləri ilə zənginləşdiyini vurğulayıblar.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə