Dövlət başçısının Sərəncamı ilə BDU-nun 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə universitetin bir qrup əməkdaşı fəxri adlara və mükafatlara lyiq görülüb
Azərbaycanın ilk ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetinin yaranma tarixindən 100 il ötür. Azərbaycan Demokratik Cümhuriyyətinin Parlamentinin 1 sentyabr 1919-cu il tarixli iclasında Bakıda universitetin təsis edilməsi haqqında qərarı qəbul edilib və Avropa və Asiyanın qovşağında yeni bir ali təhsil ocağı yaradılıb. Həmin zamandan bu günə qədər bu ali təhsil ocağı uzun bir yol keçib. Respublikada elmi-pedaqoji fikrin mərkəzinə çevrilib. Universitet alimlərinin Azərbaycan Elmlər Akademiyasının təşkil edilməsində xüsusi xidmətləri olmuşdur. Respublikada fəaliyyət göstərən ali təhsil ocaqlarının əksəriyyəti, o cümlədən, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və digərləri, məhz Bakı Dövlət Universitetinin bazasında yaradılmışdır.
1969-cu ildən sonrakı illər universitet həyatında bilik və elmin yüksək zirvələrinə doğru yüksəliş illəri sayıla bilər. Bu universitetin dünya şöhrətli məzunu Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlməsi ilə bağlıdır. Geniş bir tarixi dövrü əhatə edən həmin illərdə yeni müasir ixtisaslar üzrə fakültələr, kafedralar, 30-a qədər elmi-tədqiqat laboratoriyaları fəaliyyətə başladı. Beləliklə, universitetin gələcək inkişafı üçün möhkəm zəmin yaradıldı. 1969-cu il noyabrın 1-də universitetin yaradılmasının 50 illiyi münasibəti ilə yubiley tədbiri keçirilmiş və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci Katibi Heydər Əliyevin tədbirdə iştirak etməsi və ana dilində nitq söyləməsi təkcə universitet kollektivinə deyil, bütün Azərbaycan cəmiyyətinə milli ruhun qaytarılması istiqamətində bir dönüş anı oldu. Bu nitq o vaxta qədərki bütün sovet sisteminin ağır repressiyalarından və təqiblərindən əziyyət çəkən universitet kollektivinin ürəyində ümid çırağı yandırdı və onları ruhlandırdı. Universitetin həyatında yeni bir keyfiyyət mərhələsinin başlanğıcını qoydu. Heydər Əliyev deyirdi: "Azərbaycan universitetinin yaranması qabaqcıl
qüvvələrin qələbəsi idi, doğma xalqı maarifləndirmək uğrunda, dünya mədəniyyəti və elm xəzinəsinin qapılarını onun üzünə açmaq uğrunda Azərbaycanın ən yaxşı oğullarının, bir çox illər ərzində, apardıqları mübarizənin yekunları idi". Bu fikirlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan maarifçilərinə, ziyalılarına və Cümhuriyyət dövrü xadimlərinə verdiyi böyük qiymət idi. Ulu Öndər Heydər Əliyevin nitqini ana dilində söyləməsi böyük tarixi əhəmiyyət daşıyırdı. O vaxtadək çoxları respublika rəhbərinin ana dilində nitq söyləyəcəyini güman etmirdi. Ulu Öndər Heydər Əliyev mövcud qadağaları cəsarətlə qıraraq, nitqi ilə təkcə ana dilinə olan bağlılığını, sevgi və hörməti nümayiş etdirmədi, eyni zamanda, bütün Azərbaycan cəmiyyətinə bu yolda bir nümunə göstərdi. Ulu Öndər Heydər Əliyev Bakı Dövlət Universiteti ilə bağlı hər hansı qərarın qəbul olunmasından, onun yubileylərinin keçirilməsindən tutmuş, burada çalışanların təltif edilməsi, mükafatlandırılmasına qədər hər bir məsələyə həssas yanaşırdı. Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yolu, əslində, 1969-cu ildən, məhz Onun hakimiyyətə gəlişindən sonra başlamışdır. Bu mənada, azərbaycançılığın ən parlaq səhifələri də elə həmin illərdən etibarən yazılmışdır.
Ötən əsrin 70-ci illəri univeristetin inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, beynəlxalq əlaqələrinin genişləndiyi illər idi. Bu illərdə universitetə tələbə qəbulu planı artırıldı, yeni-yeni laboratoriya və kafedralar yaradıldı. 1977-78-ci tədris ilində universitetin ikinci tədris binası istifadəyə verildi. Məhz Dahi Öndər Heydər Əliyevin qayğısı sayəsində 70-ci illərdə universitet Asiya, Afrika və Latın Amerikasının inkişaf etməkdə olan ölkələri üçün mütəxəssislər hazırlayan güclü bir mərkəzə çevrildi. 1980-ci ildə universitetin yaradılmasının 60 illik yubileyi keçirildi və həmin tədbirlərdə Ulu Öndər Heydər Əliyev də iştirak etdi. Bu iştirakdan sonra da universitet həyatında bir sıra yeniliklər oldu - yeni laboratoriyalar və kafedralar açıldı, bir sıra əməkdaşa fəxri adlar verildi.
1993-cü ilin iyun ayında xalqımızın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin yenidən müstəqil respublikamızın rəhbərliyinə gəlməsi ölkədə əfval-ruhiyyəni müsbət istiqamətdə dəyişdirdi, Bakı Dövlət Universiteti, tədricən, öz mövqeyini bərpa etməyə başladı. Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı sanki bütün elm adamlarına, o cümlədən, Bakı Dövlət Universitetinin kollektivinə gələcəyə inam hissi aşıladı. Heydər Əliyev deyirdi: "Bakı Dövlət Universiteti Azərbaycan xaqlının, Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır...".
1999-cu ildə Bakı Dövlət Universitetinin yaradılmasının 80 illiyi tamam oldu. Bu münasibətlə 1999-cu il dekabrın 28-də universitet kollektivinə göndərdiyi təbrik məktubunda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev yazırdı: "Diqqətəlayiqdir ki, Bakı Dövlət Universiteti öz fəaliyyətinin bütün dövrlərində elm və təhsil məbədi olmaqla yanaşı, həm də Azərbaycan dilinin inkişafında, milli şüurun, vətənpərvərlik ruhunun inkişafında xidmətlər göstərmiş bir mərkəz rolunu oynamışdır. Bakı Dövlət Universitetinin əsasını qoyanların, onun inkişafına təkan vermiş insanların əməyini daim yüksək qiymətləndirərək, onların xatirəsini böyük minnətdarlıq və ehtiram hissi ilə yad edirəm".
Bu gün Ulu Öndər Heydər Əliyev siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev bütün sahələrə olduğu kimi, elmə, təhsilə də böyük diqqət və qayğı ilə yanaşır. Dövlət başçısının 24 aprel 2009-cu ildə imzaladığı Sərəncamla universitetin 90 illik yubileyi respublika miqyasında geniş şəkildə qeyd olundu. Daha bir Sərəncamla - 30 oktyabr 2009-cu il tarixi sərəncamları ilə Bakı Dövlət Universitetinin, ümumilikdə, 107 nəfər professor-müəlliminə müxtəlif fəxri adlar, mükafatlar və fərdi təqaüdlər verildi.
Bakı Dövlət Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 2019-ci il tarixli Sərəncamı ilə Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə, Bakı Dövlət Universitetinin bir qrup əməkdaşları "Şərəf", "Şöhrət" ordenləri, "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu", "Tərəqqi" medalı, "Əmək" ordenləri, "Əməkdar müəllim", "Əməkdar elm xadimi" fəxri adlarına, eləcə də, Prezidentin fərdi təqaüdünə layiq görülüblər. Göstərilən bu diqqət və qayğı müsəlman Şərqində ilk Avropa tipli ali təhsil ocağı olan BDU-nun milli kadr hazırlığındakı müstəsna yeri və roluna verilən yüksək qiymətdir.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB