Yüksək təzyiqlə şişirdilən iri təkərlər niyə partlayır? - AÇIQLANDI

Yüksək təzyiqlə şişirdilən iri təkərlər niyə partlayır? - AÇIQLANDI

Təkərin yüksək təzyiqlə şişirdilməsi onun avtomobilin hərəkəti zamanı partlayacağı anlamına gəlmir. Hərəkət zamanı təkərin partlaması, əsasən, onun keyfiyyətsiz olması, həddindən artıq yeyilməsi, yaxud təkərə iri mıx, metal parçası və ya digər iti cismin batması kimi səbəblərdən baş verir.

Bu sözləri SİA-ya açıqlamasında avtomobil ustası Sahil Ağabəyli deyib.

O bildirib ki, praktikada təkərin yalnız hava təzyiqinin yüksək olması səbəbindən partlaması ilə rastlaşmamışam. Minik avtomobillərinin təkərlərinə, adətən, 2–3 bar hava vurulur və bu, normal göstəricidir:

“Lakin təhlükə daha çox yük avtomobillərinin, xüsusilə də halqa (kilid halqası) sistemi ilə diskə bərkidilən təkərlərinin şişirdilməsi zamanı yaranır. Əgər həmin halqa düzgün yerinə oturdulmayıbsa və ya təhlükəsizlik qaydalarına əməl olunmadan təkərə hava vurularsa, yüksək təzyiq nəticəsində halqa yerindən çıxaraq böyük sürətlə ətrafa atıla bilər. Dünyanın müxtəlif ölkələrində olduğu kimi, Azərbaycanda da bunun nəticəsində ağır xəsarətlər və ölüm halları qeydə alınıb.

Bu cür qəzalar təkərin özünün partlamasından deyil, təhlükəsizlik qaydalarının pozulmasından və təcrübəsizlikdən qaynaqlanır. Buna görə də halqa tipli yük avtomobili təkərləri yalnız xüsusi qoruyucu metal qəfəsin (təhlükəsizlik çərçivəsinin) içərisində şişirdilməlidir.

Təkər təmiri və vulkanizasiya sexlərində çalışan ustalar bu qaydalara ciddi əməl etməli, təhlükəsizlik avadanlıqlarından mütləq istifadə etməlidirlər. Bu, həm özlərinin, həm də ətrafdakı insanların həyatını qorumaq üçün vacibdir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə