Uşağa həddindən artıq sərbəstlik vermək hansı problemlər yarada bilər? - PSİXOLOQ AÇIQLADI
Son illər uşaq tərbiyəsində daha yumşaq və anlayışlı yanaşmalar ön plana çıxır. Valideynlər övladlarının hisslərinə hörmət etməyə, onlarla daha yaxın münasibət qurmağa çalışırlar. Ancaq bəzi mütəxəssislər hesab edir ki, həddindən artıq sərbəstlik uşağın gələcək davranışlarına və sosial münasibətlərinə mənfi təsir göstərə bilər. Bəs uşaq tərbiyəsində sevgi ilə qayda arasındakı balans necə qorunmalıdır? Mülayim tərbiyə dedikdə nə nəzərdə tutulur? Uşağa həddindən artıq sərbəstlik vermək hansı problemlər yarada bilər? Qayda qoyarkən valideyn nələrə diqqət etməlidir?
Məsələ ilə bağlı psixoloq Vüsalə Əmiraslanova SİA-ya açıqlamasında bildirib ki, indiki nəsil uşaqlarla valideynlər arasında müəyyən ziddiyyətlər var:
"İndiki valideynlərin əksəriyyəti vaxtilə çox sərt qaydalarla böyüdülmüş insanlardır. Onlar həmin sərt münasibəti gördüklərinə görə öz övladlarına bunu rəva bilmir və onları daha sərbəst, daha rahat böyütməyə çalışırlar. Amma təəssüf ki, bu yanaşma bəzən uşaqların həyatına mənfi təsir göstərir və onların tərbiyəsində müəyyən problemlər yaradır. Ümumiyyətlə, hansı dövrün uşağı olursa-olsun, hansı nəsil tərəfindən böyüdülürsə-böyüdülsün, qaydalar vacibdir. Əvvəlcədən müəyyən qaydalar qoyulmalı, həmin qaydalara nəzarət edilməli və uşağa lazım gəldikdə həm sevgi, həm də diqqət göstərilməlidir. Çünki bəzən valideynlər səhvən düşünürlər ki, uşağı qorumaq ona hər istədiyini almaq, onu sevmək isə tam sərbəstlik vermək deməkdir.
Əlbəttə ki, bu belə deyil. Uşağa həddindən artıq sərbəstlik verildikdə ciddi problemlər yarana bilər. Nəticədə ya özgüvənsiz, ya da davranış qaydalarına əməl etməyən uşaqlar yetişə bilər. Qayda qoyarkən valideyn ilk növbədə uşağın yaşını və psixoloji durumunu nəzərə almalıdır. Ata və ana bu qaydaları birlikdə müəyyənləşdirsələr, nənə və baba da həmin qaydalara əməl etsələr, nəticə daha uğurlu olar. Çünki qaydalar ailənin və övladın sağlam inkişafı üçün qoyulur.
Mülayim tərbiyə isə uşağa şiddət göstərmədən, onu döymədən, sakit və anlayışlı şəkildə verilən tərbiyədir. Bu tərbiyə üsulunda hər bir qadağa və ya tələb uşağa izah olunur. Məsələn, nəyinsə niyə olmaz olduğu ona başa salınır. Əgər uşaq bunu dərhal qəbul etmirsə, ona düşünmək və başa düşmək üçün vaxt verilir. Amma nə olursa-olsun, uşaq ağlasa da, israr etsə də, manipulyasiya etməyə çalışsa da, valideyn qoyduğu qaydanı pozmamalıdır. Mülayim tərbiyədə qaydaların həddindən artıq sərtləşdirilməsinin qarşısı alınır. Lakin bu, qaydaların tamamilə yumşaldılması demək deyil. Eyni zamanda, tətbiq olunan cəza uzunmüddətli olmamalıdır. Mükafatlandırma zamanı isə çox bahalı hədiyyələrə üstünlük verilməməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB