Tarix müəllimlərinin sertifikasiya etirazı: "52, 54, 57-ci suallar..."

Tarix müəllimlərinin sertifikasiya etirazı: "52, 54, 57-ci suallar..."

İyun ayının 17-də start götürən təhsilverənlərin sertifikasiya prosesinin tərkib hissəsi olaraq, iyunun 24-də tarix müəllimlərinin sertifikası keçirildi. Müəllimlər sertifikasiyada təqdim edilən bəzi sualların yalnış cavabının doğru kimi qəbul edilməsindən narahatlıqlarını dilə gətirdilər. Tarixçi müəllimlər bildirirlər ki, 52, 54, 57-ci sualların doğru qəbul edilən yalnış cavabları ilə bağlı etirazları var.

Redaksiyamıza müraciət edən bir qrup tarix müəllimi 54-cü sualın cavabının düzgün verilmədiyini deyir. Sual belədir: "Nizami Gəncəvi 1141-ci ildə anadan olub. Şagird bunu fərqli təqvimlə necə olduğunu deməlidir. Bu fəaliyyət əsasən B.Blumun idrak taksonomiyasının hansı mərhələsinə aiddir?"

Müəllimlər bu sualın doğru qəbul edilən cavabının əslində doğru olmadığını deyirlər. Müraciətdə bildirilir: "Sualın rəsmi doğru cavabı olaraq "Anlama" mərhələsi elan edilib. Lakin sualın şərti, orta məktəb dərsliklərində mövzunun tədrisi forması və Blum taksonomiyasının fundamental qiymətləndirmə meyarları analiz edildikdə, bu cavabın metodiki cəhətdən qüsurlu olduğu və doğru cavabın "Tətbiqetmə" mərhələsi olması zərurəti aşkar görünür. Etirazımızı aşağıdakı elmi-metodik əsaslarla diqqətinizə çatdırırıq:

Prosedural Fəaliyyət və Alqoritmin İcrası: Tarix fənninin tədrisi prosesində miladi təqvimdən hicri təqvimə keçid sadə bir kodlaşdırma, qruplaşdırma və ya hərfi tərcümə (Translation) deyil. Bu keçid şagirddən konkret riyazi əməliyyatların (Ay və Günəş ili arasındakı gün fərqlərinin ardıcıl çıxılması və ya vurulması, xüsusi riyazi nisbətlərin hesablanması) aparılmasını tələb edir. Şagird burada sadəcə verilən faktın mahiyyətini şərh etmir, bilavasitə riyazi-xronoloji alqoritmi icra edir.

Hazır Düsturun Şərtdə Verilməməsi Faktı: Kurikulum təlimatlarına və test tərtibatı prinsiplərinə görə, əgər tapşırıqda hesablama düsturu hazır şəkildə şagirdə təqdim olunsaydı və ondan yalnız bu sxemin mənasını izah etmək tələb olunsaydı, bu fəaliyyət "Anlama" mərhələsi hesab edilə bilərdi. Lakin sualın şərtində heç bir hazır düstur və ya köməkçi vasitə verilməyib. Şagird yaddaşındakı hesablama prosedurunu sərbəst şəkildə prosesə çevirərək tamamilə yeni və dərslikdə hazır şəkildə qeyd olunmayan bir rəqəm üzərində (1141-ci il) nəticə hasil edir. Bu isə Blum taksonomiyasında Tətbiqetmə mərhələsinin birbaşa tərifidir.

Vahid Vəsaitin Olmaması və Sualın Qeyri-müəyyənliyi: Elm və Təhsil Nazirliyi tərəfindən metodika və kurikulum sahəsi üzrə müəllimlərə rəsmi olaraq təqdim edilmiş vahid dərslik və ya təsdiq olunmuş vəsait mövcud deyildir. Bu cür vahid mənbənin olmadığı bir şəraitdə, sualların şərti tamamilə şəffaf, birmənalı olmalı və müxtəlif interpretasiyalara yol açmamalıdır. Təqdim olunan sualda fəaliyyətin konkret olaraq hansı idraki alt-bacarığa əsaslandığı dumanlı qalıb.

Rəsmi İzahın Verilməsi Tələbi: Əgər komissiya tərəfindən "Anlama" variantı israrla doğru qəbul edilirsə, bu halda "hesablama" və "müəyyən etmə" tələb edən bir tapşırığın hansı elmi-metodik ədəbiyyata və ya qiymətləndirmə çərçivəsinə əsasən Tətbiqetmə deyil, məhz Anlama mərhələsinə aid edildiyinin rəsmi və əsaslandırılmış izahının tərəfimizə təqdim olunmasını tələb edirik."

Müraciət edən müəllimlər, sözügedən 54-cü sualın yenidən ekspertiza edilməsini, sertifikasiyada iştirak edən müəllimlərə yazılı izah verilməsini və "Tətbiqetmə" variantının doğru cavab kimi qəbul edilməsini (və ya sualın metodiki qüsur səbəbindən ləğv edilərək xeyrimə hesablanmasını) tələb edir.

Digər mübahisəli sual 52-ci sual olub. Sual belə təsvir edilib: "Müəllim "Böyük coğrafi kəşflərin dünya iqtisadiyyatına təsiri, dünya dövlətlərini əldə etdiyigəlir bölgüsünə əsasən xəritə üzərində göstərmək" tapşırığını verir. Burada hansı inteqrasiya icra edilir?"

Etiraz edən müəllimlər bu sualın cavabının "fəndaxili və fənlərarası inteqrasiya" kimi götürülməsi fikri ilə razı deyillər. Redaksiyamıza göndərilən açıqlama belə əsaslandırılır:

1.Coğrafi kəşflərin dünya iqtisadiyyatına təsiri–10 ümumi tarix (3.1.2. Geosiyasi dəyişikliklərin cəmiyyətin sosial-iqtisadi həyatına təsirini şərh edir.)

2.dünya dövlətlərini əldə etdiyigəlirin bölgüsü - riyaziyyat məzmun xətti

3.Xəritə üzərində göstərmək - coğrafiyanın məzmun xəttinə uyğundur.

Müəllimlər bildirir: "Bunu ona görə tarixin məkan məzmun xəttinə aid etmirik ki , dərslikdə təqdim edilən xəritə Böyük coğrafi kəşflər ( XV- XVI əsr), coğrafiya fənni ilə inteqrasiya əsasında verilmiş xəritədir. Çünki həmin xəritədə Avstraliya materiki də verilib, tarixin bəhs etdiyimiz dövründə Avstraliya materiki kəşf edilməmişdi.Mənbə: VII sinif Ümumi tarix dərsliyi, səh. 123. Əgər bunu israrla tarixin məzmun xətti kimi təqdim etmək istəsələr bir əsaslı cavab da 10 sinif ümumi tarix dərsliyində xəritə səh. 128-də verilib.

Oxuduğumuz metodiki vəsait və mənbələrə, eyni zamanda təhsil ictimaiyyətinə də məlum olan hörmətli təlimçilərin izahlarına əsaslanmışıq ki, isteqrasiyanı gələcəkdə keçiləcək biliklərə əsasən aparmırıq. Ümumtəhsil məktəblərində istifadə etdiyimiz dərsliklərdəki xəritələrin coğrafiya fənni ilə inteqrasiyada verildiyi üçün mən burda coğrafiya fənninin məzmun xəttini əsas götürmüşük.

Ümumi nəticədə "tarix, riyaziyyat və coğrafiya fənninin məzmun xətləri əsasında fənlərarası inteqrasiya" cavabını götürmüşük. Bütün bu göstərdiyimiz faktlara əsasən 52-ci suala təkrar baxılmasını və nəticənin lehimizə hesablanmasını tələb edirik. Əgər əksi iddia edilərsə, hansı mənbəyə əsaslandıqlarını yazılı şəkildə (mənbə dəqiq göstərilməklə) təqdim edilməyini tələb edirik.

Təkrara edirik, cavabın coğrafiya fənninin məzmun xətləri əsasında fəndaxili inteqrasiya kimi əsaslandırılması düzgün hesab edilə bilməz. Sertifikasiya tarix müəllimləri üçün keçirildiyindən iştirakçıdan coğrafiya fənninin məzmun xətlərini bilməsi tələb oluna bilməz. Bu səbəbdən sualın cavabı birmənalı deyil və fənlərarası inteqrasiya cavabı da doğru hesab edilməlidir".

Mübahisəli digər bir sual olan 57 nömrəli situasiyada "əcnəbi şagirdlə sinfin digər şagirdlərinin qaynayıb-qarışmaması" problemi qoyulub və ən effektiv tədbirin nə olacağı soruşulur. Rəsmi cavab qəbul edilən variantda "müəllimin şagirdi təkbaşına gəzdirməsi və yerli mədəniyyət barədə məlumat verməsi" təsvir olunur.

Etiraz edən müəllimlər bildirirlər ki, sualın şərtində problem subyektlər arasında sosial adaptasiya olduğu halda, cavabda müəllimyönümlü (teacher-centered) passiv yanaşma təklif edilir. Bu fəaliyyət uşaqlar arasında real ünsiyyət yaratmır, kurikulumun şagirdyönümlülük prinsipinə ziddir və problemi kökündən həll etmir.

"Buna görə də komissiyadan bu passiv fəaliyyətin sosial inteqrasiyada "ən effektiv tədbir" olduğunu sübut edən rəsmi kurikulum vəsaitlərinə (mənbəsinə) istinadən yazılı əsaslandırma təqdim etməsini, sualın ləğvini və balımızın bərpasını tələb edirik. Əks halda, hüquqlarımızın qorunması üçün Prezident Administrasiyasına və Ombudsman Aparatına müraciət etmək hüququmuzu özümüzdə saxlayırıq".

Ümumiyyətlə, sertifikasiyada iştirak edən tarix müəllimlərinin əksəriyyəti eyni fikirdədir: "Tarix fənnindən salınan bütün testlər sanki müəllimin analitik bacarığını, tarixi savadını deyil, mexaniki yaddaşını yükləmək və çaşdırmaq üçün tərtib edilmişdi. Əvvəl sualı oxuyub yazırdıq, indi "situasiya" kəşf ediblər. Artıq oxumağın mənası qalmayıb. Bir situasiyada hər cavab məntiqli hesab edilə bilər. Sualı tərtib edən müəllif necə düşünübsə, doğru cavabı da onun məntiqi ilə götürüblər. Bir nəfərin məntiqi doğru cavab ola bilməz, bu, mənbəyə, tarixə ziddir."

Məlumat üçün qeyd edək ki, sertifikasiya mərhələsini keçmək üçün təhsilverənlərdən minimum 30 bal toplamaq tələb olunur. Bu balı toplayanlar artıq sertifikatlaşdırılmış hesab olunur. Əməkhaqqı əlavəsi üçün tələb edilən bal da minimum 30-dur. 30-50 bal arası nəticə göstərən təhsilverənlərin maaşına 10%, 51-60 bal arası nəticə göstərən müəllimlərin maaşına 35% əlavə hesablanır. İmtahana salınmış sözügedən 3 sualın mübahisəli cavabı minlərlə müəllimin dövlətin vəd etdiyi bu artımdan faydalanma hüququnu əlindən alır.

Lalə Mehralı

Bütün xəbərlər Facebook səhifəmizdə